Bələdiyyələrdən deputatlığa namizəd şəxslərlə görüş keçirildi
Daxili siyasət
23.08.2024 15:01
Avqustun 23-də “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçiləri deputatlığa namizəd olan bələdiyyə üzvü və qulluqçuları ilə görüş keçiriblər.
TodayPress xəbər verir ki, görüşdə Səbail, M.Ə.Rəsulzadə, Yasamal, Binəqədi, Nəsimi, Ramana və digər bələdiyyələrdən olan 20-yə yaxın üzv və qulluqçular iştirak ediblər.
Görüş zamanı seçkiqabağı təşviqat proseslərində namizədlərin fəaliyyəti, əhali ilə görüşlər və bir sıra maraq doğuran məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Namizədlər öz təkliflərini irəli sürüb, təşviqat prossesi haqqında şəxsi təəssüratlarını bölüşüblər.
23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Nigar Babayeva TodayPress-ə danışarkən bildirib ki, vətənimizin seçki tarixində heç vaxt bu qədər gənc deputatlığa namizəd kimi qeydə alınmayıb:
“Mən istəyirəm ki, Azərbaycan xanımlarının mövqeyi, təsir gücü həyatın bütün sahələrində, təhsildə, səhiyyədə, mədəniyyətdə, iqtisadiyyatda, siyasətdə daha da yüksəlsin. Mənim amalım xalqın amalıdır! Bunu unutmamalıyıq ki, Vətənə xidmət yalnız deputatın deyil, hər bir vətəndaşın müqəddəs borcudur”.
Görüşdə çıxış edən 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Ədviyə Rəsullunun sözlərinə görə, dünyanı gözəl etmək öz əlimizdədir. Buna Ana təbiəti qorumağdan başlamaq olar. Biz insanlar kimi bütün canlıların da yaşamaq hüququ var. Təbiətə və heyvanlara zərər verən insanlar cəzasız qalmamalıdır. Dövlətin Gücü xalqındadır. Xalqın güclü olması sağlam ruhlu gənclikdədir. Sağlam gənclik naminə.
Qeyd edək ki, ümumulikdə, seçki marafonunda iştirak edən namizədlərdən 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Onlardan 10 nəfəri bələdiyyə üzvü, 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən ikisi bələdiyyə sədridir. Bundan başqa, 30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.
Töhfə Səməd
tag: Vətəndaş Cəmiyyəti Uğrunda, Namizədlər,Seçki, Yasamal Seçki dairəsi, Bələdiyyə, todaypress.az,