Bakıda yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verildi
Daxili siyasət
26.09.2024 20:23
Sentyabrın 26-da Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə
üzvlərinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində
yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1500-dən çox sakinin yaşadığı həyət
abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
TodayPress xəbər verir ki, tədbir
çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri IDEA könüllüləri ilə
birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. Həyətin
azyaşlı sakinlərinə hədiyyələr təqdim olunub.
“Bizim həyət”
layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən
qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat
hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün
əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və
onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol
stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi
salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş
yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma
dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam
təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin
ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol
bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında
sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı
və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün
bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın
təşəbbüsü ilə “Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur.
Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və
abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması,
sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim
həyət” layihəsi çərçivəsində bu günədək 154 ümumi yaşayış sahəsi
abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki,
IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin
aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə
təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin “qaynar xətt”i
“1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş
olunur.
tag: Leyla Əliyeva, Vitse-Prezident, Arzu Əliyeva, İDEA, todaypress.az,