Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi oldu
Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin
rəsmi açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Həmçinin
tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov,
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ICESCO-nun Baş direktoru Salim bin
Məhəmməd əl-Maliki, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Özbəkistan, Tacikistan,
Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri, Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycanda akkreditə olunmuş digər
ölkələrin səfirləri, Azərbaycanın ictimai-siyasi xadimləri iştirak ediblər.
ICESCO-nun Bakı
ofisinin rəhbəri Abdulhakeem Alsenan bu tarixi əhəmiyyətli tədbirdə iştirak
edən hər kəsə təşəkkürünü bildirib.
Sonra tədbirdə
çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib: “Bu gün
biz burada, ICESCO-nun yeni regional ofisinin açılışını qeyd edirik, uzun
müddətdir arzuladığımız bir xəyala nəfəs veririk. Bu, əlaqələr qurmaq,
əməkdaşlıq etmək arzusu və müdriklik, bilik və ortaq məqsədlə qurulmuş
gələcəklə bağlı bir xəyaldır. Burada - əsrlər boyu sivilizasiyaların qovuşduğu
yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və
kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir
mərkəz olacaq regional ofisin açılışında iştirak edirik”.
Bu regional
ofisin Azərbaycana və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət
göstərəcəyini, regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı,
əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəyini vurğulayan Salim bin Məhəmməd
əl-Maliki deyib: “Əziz dostlar, bu nailiyyət heç də təsadüfən əldə edilməyib.
Bu, həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı
sadiqliyin bəhrəsidir. Parlaq müdrikliyi və biliyin qüdrətinə olan dərin inamı
hamımız üçün bir işıq kimi saçan lider, Zati-aliləri Prezident İlham Əliyevə
səmimi minnətdarlığımızı bildiririk. Onun davamlı dəstəyi bu baxışı
reallaşdırıb. Həmçinin Zati-aliləri, ICESCO-nun xoşməramlı səfiri, təhsilə,
mədəniyyətə və insanlığa olan sevgisi ilə bu layihənin reallaşmasına təkan
verən Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığımızı
bildiririk.
Bu gün fəxri
qonaq qismində tədbirə qoşulan Zati-aliləri Leyla xanıma və Arzu xanıma bizi
hörmətlə qarşıladıqlarına və ICESCO ilə Heydər Əliyev Fondu arasında
əməkdaşlığın həqiqi çempionu olduqlarına görə xüsusi olaraq səmimi
minnətdarlığımızı bildiririk”.
Bu ofisin
xüsusi bir ofis olacağını vurğulayan Salim bin Məhəmməd əl-Maliki qeyd edib:
“Bu ofis fərqli şəkildə fəaliyyət göstərəcək. Fərqli ideyalara sahib olacaq. O,
məqsədlərinə fərqli şəkildə çatacaq. O, üzv dövlətlərimizlə möhkəm əməkdaşlıq
ruhu ilə döyünən, təhsil, mədəniyyət, elm, kommunikasiya sahələrində yeni
tərəfdaşlığın ritmlərini əks etdirən canlı bir ürək olacaq.
ICESCO-nun
strateji məqsəd və vəzifələrini inkişaf etdirməklə yanaşı, Bakı ofisi ətraf
mühitimizi müdrikliklə və təcili olaraq qorumaq, bəşəriyyətə xidmət etmək üçün
süni intellekti daha da inkişaf etdirmək, diqqəti sabahın memarları olan
gənclərimizə yönəltmək və dəyərli irsimizin, kimliyimizin ruhunun qorunub
saxlanılması kimi məqsədlərə xidmət edəcək. Bu ofisdə ilhamverici layihələr və
yeni ideyalar yaradılacaq. Burada ölkələr və nəsillər arasında əlaqələri
möhkəmləndirən bağlar yaranacaq.
Biz ICESCO olaraq
bu mərkəzi xəyallarla, müdrikliklə və biliklə qurmağı seçirik. Bu yeni regional
ofis xəyalpərəstləri, o cümlədən bunun reallaşmasını mümkün edən liderləri
ləyaqətə, biliyə, mədəniyyətə, sülhə və xüsusilə də gələcəyin formalaşmasında
birgə işləməyə çağıran, onlara bələdçilik edən, yollarını işıqlandıran bir
mayak olacaq. Sizi bir daha əmin edirəm ki, bu ofis kökü müdriklik, budaqları
sülh, meyvələri gələcək nəsillərə ümid mirası olan qüdrətli bir ağacın toxumu
olacaq”.
Daha sonra
tədbirdə ICESCO-nun yaranma tarixi, Azərbaycanla qurulan ikitərəfli əlaqələr
barədə videoçarx nümayiş olunub.
Sonda Leyla
Əliyeva ofisin xatirə kitabına ürək sözlərini yazıb.
tag: İçərişəhər, Leyla Əliyeva, Arzu Əliyeva, Azəraycan,ICESCO, todaypress.az,