Azərbaycanla Türkiyənin media sahəsində əməkdaşlığı fasiləsiz davam edir
Fevralın 19-da Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Başbakanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığl ilə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa tədbiri keçirilib.
TodayPress xəbər verir ki, Türkiyə İletişim Başkanı Fahrettin Altun tədbirin qonaqlarına yazılı təbrik ünvanlayıb.
Təbriki qonaqlara Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir çatdırıb.
Təbrikdə deyilir:
“Sözlərimə Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın ən səmimi salamlarını və dostluq arzularını çatdıraraq başlamaq istəyirəm. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə, dəyərli qardaşım Cənab Hikmət Hacıyevlə birlikdə 10 dekabr 2020-ci ildə imzaladığımız “Türkiyə və Azərbaycan arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və yaratdığımız Ortaq Media Platforması media və kommunikasiya sahəsində əməkdaşlığımız üçün genişmiqyaslı bir yol xəritəsi rolunu oynayır.
Qardaş ölkəmiz Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirən bu memorandum çərçivəsində artıq dörd məhsuldar ili geridə qoymuşuq.
Bu müddət ərzində həm Türk Dövlətləri Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli münasibətlərimiz daxilində bir çox dəfə bir araya gəlmişik. Hər görüşdə əməkdaşlığımızı daha da gücləndirmək üçün səylərimizi artırmışıq.
Ortaq Media Platformamızın ilk toplantısını 2021-ci ildə keçirmiş və “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşmə” üzrə komitələrin yaradılması barədə qərar qəbul etmişdik.
Bu çərçivədə komitələrin formalaşdırılması üçün zəruri tədqiqat və layihə işlərini tamamlamışıq. Qısa müddət ərzində həmin komitələrin fəaliyyətə başlaması ilə ölkələrimizin qarşılıqlı tanıdılması istiqamətində layihələrimizi həyata keçirəcəyik.
Gələcəkdə ortaq ictimai diplomatiya mexanizmlərimizin daha da güclənməsi fəaliyyətimizin keyfiyyətini artıracaq və xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi daha da gücləndirəcək. Bu baxımdan, dünya ictimaiyyətinin doğru məlumatlandırılması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə, Bakı İletişim Müşavirliyimiz, TRT və Anadolu Agentliyinin birgə fəaliyyəti ilə Azərbaycanla media görüşləri, xəbər mübadiləsi, dezinformasiyaya qarşı müştərək mübarizə və təhsil sahəsində əməkdaşlığımız fasiləsiz davam edir.
4 mart 2025-ci ildə Bakıda dəyərli dostlarımızın iştirakı ilə təşkil edəcəyimiz “Daha ədalətli bir dünya mümkündür” mövzusunda panel və dəyirmi masa toplantısı vasitəsilə dünyaya güclü bir mesaj verəcəyik”.
Qiymət Mahir
tag: Fahrettin Altun,STM,Alptekin Cihangir,Təbrik,Todaypress.az,