Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ölkə qoşuldu
Daxili siyasət
10.10.2024 22:54
Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi
çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan
etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən
dəstəklənib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyi məlumat yayıb.
Beləliklə,
təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.
Bu
təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları
qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə
də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı
təşviq etmək məqsədi daşıyır.
Çağırışda
bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə
riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin
siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.
Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir.
tag: COP29, Atəşkəs, XİN,Azərbaycan, Sülh, todaypress.az,