Azərbaycan XİN: "Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik"
Daxili siyasət
11.12.2024 23:15
11 dekabr 2024-cü il tarixində ABŞ dövlət
katibi Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması
ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə
müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ
dövlət katibi Antoni Blinkenin Azərbaycan əleyhinə bəyanatına dair şərhində
deyilir.
Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin
rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə
müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə
dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün
itirilmiş illər kimi qiymətləndirilir.
Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə
bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış
edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə
gətirməsi hər kəsə yaxşı məlumdur.
Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə
Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri
yenidən bərpa olunacaq.
tag: XİN, ABŞ, Antoni Blinken, Bəyənat, Azərbaycan, Qərəz,todaypress.az,