Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verdi
Daxili siyasət
11.09.2024 23:25
Avropa İttifaqının qərəzli və ədalətsiz
bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının
İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın
Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair Avropa
İttifaqının 11 sentyabr tarixli çıxışı ilə bağlı medianın sualına cavabında
deyib.
"Xarici İşlər Nazirliyi olaraq, 4 iyul 2024-cü il
tarixində İQAK-ın ictimai bəyanatına dair mövqeyimizin əks olunduğu təfərrüatlı
şərhimiz verilib. Avropa İttifaqının yenidən bu ictimai bəyanata istinadən
qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasınını
qətiyyətlə rədd edirik.
Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək
əvəzinə, qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması
hallarına diqqət yetirməsini tövsiyə edirik.
Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında
etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində
dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında
rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara
qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat
münasibət bildirməyib.
Azərbaycanda insanların bütün hüquqları qorunur,
azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq
təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması
sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir və Avropa İttifaqının bu
barədə iddiaları tamamilə əsassızdır" Hacızadə bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər
Komitəsinin 11 sentyabr tarixli iclası zamanı İşgəncənin və Qeyri-insani yaxud
Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitənin
(İQAK) 3 iyul tarixli ictimai bəyanatına istinad edərək Azərbaycanla bağlı
tənqidi çıxış edib.
tag: XİN, Azərbaycan, Avropa İttifaqı,Ayxan Hacızadə,todaypress.az,