Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür
Daxili siyasət
22.10.2024 03:34
Bu gün Azərbaycan-İran dövlət sərhədinin
uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik
hissəsinin işğaldan azad olunmasının dördüncü ildönümüdür.
TodayPress xəbər verir ki, 2020-ci il oktyabrın 22-də
Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Bununla da, otuz ilə yaxın işğal altında olan
Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.
Həmin gün Ağbənd qəsəbəsilə yanaşı, Zəngilan rayonunun
Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə,
Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə
də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl
rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri də düşməndən
təmizlənib.
Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti
tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər
istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri
mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti
bərpa edilib.
Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd
inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının
ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından
götürülüb.
tag: Zəngilan,Azərbaycan,İran, Dəzili, todayperess.az,