Azərbaycan BEPS-in minimum standartlarının tətbiqində irəliləyiş əldə edib

Daxili siyasət

13.02.2025 11:54

1009

“Azərbaycan qlobal vergi əməkdaşlığına nümunəvi sadiqlik nümayiş etdirib və bu gün biz bu yolun ən əhəmiyyətli mərhələlərini qeyd edə bilərik”. 

TodayPress xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini Fabrisiya Lapekorella bunu “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forum iştirakçılarına video müraciətində deyib. 

Onun sözlərinə görə, bu proses 2022-ci ilin dekabrında Azərbaycanın BEPS üzrə İƏİT\G20 İnklüziv Çərçivəsinə üzv olmaq qərarı ilə başlamış və 2023-cü ilin iyul ayında iqtisadiyyatın rəqəmsallaşdırılması nəticəsində yaranan vergi problemlərinin həlli üçün “Pillar 2” layihəsinə dair yekun bəyanatın təsdiqlənməsi ilə daha da möhkəmləndirilib. 

Lakin Azərbaycan BEPS İnklüziv Çərçivəsinə qoşulmazdan əvvəl də İƏİT-nin beynəlxalq vergi məsələləri ilə bağlı müzakirələrində fəal iştirak edərək, BEPS-lə mübarizədə proaktiv yanaşma nümayiş etdirib.

Qoşulduğu andan etibarən Azərbaycan BEPS-in minimum standartlarının tətbiqində təqdirəlayiq irəliləyiş əldə edib. Əhəmiyyətli naliyyətlərdən biri də Azərbaycanın beynəlxalq standartlara cavab verməsinə imkan yaradan ölkələrarası hesabatlılıq standartlarının tam şəkildə tətbiq edilməsidir.

Bu standart Azərbaycan üçün risk təhlili aparmaq baxımından vacib məlumatlara çıxış imkanı yaradıb. Bundan əlavə, Azərbaycan BEPS-in qarşısını almaq məqsədilə beynəlxalq vergi müqavilələrinə dair tədbirlərin həyata keçirilməsi üçün Çoxtərəfli Konvensiyanı imzalayıb və ratifikasiya edib. Bu naliyyətlər Azərbaycanın beynəlxalq standartlarının və ən yaxşı təcrübələrinin tətbiqinə sadiqliyini nümayiş etdirir və sərmayələrin cəlb edilməsi, davamlı inkişafın təmin edilməsi, daxili resursların səfərbər olunması, eləcə də vergi sahəsində əminliyinin gücləndirilməsi baxımından mühüm töhfə verir. 

Töhfə Səməd

tag: Azərbaycan,İqtisadiyyat,Forum,Mikayıl Cabbarov,BEPS,Todaypress.az,