Azər Həsrət: “Türkiyə türkcəsindəki şəxs, yer, vəzifə adlarını niyə tərcümə edirik?”
"Türk Dövlətləri Təşkilatı nəzdində ortaq Türk Dövlətləri Media Platforması yaradılmalıdır”.
TodayPress xəbər verir ki, Əməkdar jurnalist Azər Həsrət bunu fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.
A.Həsrət tədbirdə bir sıra təkliflər səsləndirib:
“İlk növbədə, dövlətlərin media sahəsində xüsusi qanunvericilik bazası yaratması qərara alınmalıdır. Bunu başlamışıq və Türk Dövlətləri Təşkilatı bazasında daha geniş platformaya çevirməliyik. Orta Asiyadakı türk dövlətləri ilə ikitərəfli anlaşmalar imzalanıb, amma bu, yetərli deyil. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı nəzdində ortaq Türk Dövlətləri Media Platforması yaradılmalıdır”.
Jurnalist ortaq türk dili məsələsinə toxunub. Qeyd edib ki, bu istiqamətdə dövlətlər səviyyəsində qərar qəbul edilməli və ortaq əlifba məsələsi həll olunmalıdır:
“Artıq 30 ildən çoxdur ki, bu məsələ müzakirə edilir, amma konkret nəticəyə gəlinməyib. Media olaraq biz nə edə bilərik? Məsələn, Türkiyə türkcəsindəki şəxs, yer, vəzifə adlarını niyə olduğu kimi yazmırıq? Məsələn, biz “Türkiyə Cümhurbaşqanı” əvəzinə niyə “Türkiyə Prezidenti” deyirik? “Türkiyə Cümhuriyyəti” niyə “Türkiyə Respublikası” kimi təqdim edilir? Halbuki, Azərbaycan dilində “Cümhuriyyət” və “Cümhurbaşqanı” terminləri də mövcuddur və işlədilə bilər. Təklif edirəm ki, bu, belə olsun. Gələcəkdə isə Türk Dövlətləri Təşkilatının rəhbərləri üçün ortaq bir ad müəyyənləşdirilməlidir”.
Azər Həsrət sonda türklərin 50-60 faizinin Türkiyə türkcəsində danışdığını və anladığını vurğulayıb. Bu xüsusda bildirib ki, bugünkü Türkiyə türkcəsi bütün türk dünyası üçün ən praktik dildir.
Qiymət Mahir
tag: Azər Həsrət,Türkiyə,Azərbaycan,Media,Todaypress.az,