Ayxan Hacızadə: Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik
Daxili siyasət
30.01.2025 20:33
Təəssüf edirik ki, 29 yanvar 2025-ci il tarixində Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib.
TodayPress xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Azərbaycanın Fransanın dənizaşırı ərazilərində müdaxilə ilə bağlı Fransa Senatında səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
"Fransanın xarici işlər naziri Jan Noel Baronun
Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhi Fransanın Yeni
Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək
cəhdi olduğunu bir daha diqqətə çatdırırıq.
Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq,
Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi
pozmağa çalışıb.
Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə
siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı
hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya
prosesini sarsıdır.
Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin
həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə
qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj
Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş
etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq
təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat
aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün
sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını
qətiyyətlə rədd edir və pisləyirik" A.Hacızadə vurğulayıb.
tag: XİN, Ayxan Hacızadə,Fransa, Ermənistan,Avropa, todaypress.az,