Aİ-nin bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır: XİN rəsmisi
Daxili siyasət
24.08.2024 23:42
Avropa İttifaqının mətbuat katibinin ölkəmizdə insan
hüquqları ilə bağlı bu kimi qərəzli iddiaları tərəfimizdən dəfələrlə
cavablandırılıb. Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə və ya
fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi
kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğu barədə
fikirlər kökündən yanlışdır və qəbuledilməzdir.
TodayPress xəbər verir ki, bunu Azərbaycan Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa
İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi
Peter Stanonun ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib.
O bildirib ki, dövlətə xəyanət, müəyyən fəaliyyətlərin
qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir
sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq
cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirilir və
proses tam şəffafdır:
"Cinayət işlərinin və təhqiqatların, habelə
məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin
azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq
ziddiyyət təşkil edir, məhkəmə hakimiyyətinə müdaxilə cəhdidir və Avropa
İttifaqının təbliğ etdiyi dəyərlərə ziddir.
Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin bir sıra üzv
ölkələrində insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi
təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçələr”
kimi aksiyalarda həyatlarını itirməsi, habelə Yeni Kaledoniyada aksiyaların
qanla boğulması kimi hallara biganə qalması ikili standartların bariz
nümunəsidir.
Avropa İttifaqının bir sıra institutları Azərbaycana
qarşı təxribatlara son qoymalıdır".
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət
və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano 23 avqust tarixində
“Politico” qəzetinə müsahibə zamanı, “Azərbaycanda ötən ildən bəri müstəqil
jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin
həbs olunduğunu” bildirərək, onların azad olunmasına dair çağırışlar edib.
tag: Avropa İttifaqı, XİN, Ayxan Hacızadə, Peter Stanon, todaypress.az,