5 məntəqədə qanun pozuntusu aşkarlandı, nəticələr ləğv edildi

Daxili siyasət

11.09.2024 16:41

1 sentyabr növbədənkənar parlament seçkilərində 78 saylı Lənkəran kənd seçki dairəsinin 2 məntəqəsində qanun pozuntusu qeydə alınıb.

TodayPress xəbər verir ki, bununla bağlı məsələ sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasında (MSK) baş tutmuş iclasda müzakirə olunub.

MSK-nın ekspert qrupunun üzvü Baxşeyiş Əsgərov bildirib ki, həmin dairədən qeydə alınmış deputatlığa namizəd Əzizov Əzizxan İman oğlu bu şikayətlərlə MSK-ya müraciət edib. Məlumata əsasən, səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntularla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə və sənədlərdə uyğunsuzluq aşkarlanıb:

“42 saylı məntəqədə çəkildiyi deyilən görüntülərə baxarkən aydın olub ki, belə bir məntəqə olmayıb. Dairənin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə pozuntu aşkarlanmayıb. Ona görə də həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib".

MSK üzvünün sözlərinə görə, dairədəki 53 seçki məntəqəsindən ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Qeyd edək ki, 78 saylı Lənkəran kənd seçki dairəsində YAP-ın namizədi Anar İsgəndərov 59,7 faiz səslə qalib olub.

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən REAL partiyasından namizədliyi qeydə alınmış REAL Partiyasının sədri İlqar Məmmədovun da müraciətinə baxılıb.

MSK üzvü Tofiq Həsənov bildirib ki, o həmin dairənin müxtəlif seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib:

“Müraciət araşdırılıb. İlqar Məmmədov seçki günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların nüsxəsi istənilsə də, təqdim edilmədiyini, məntəqə sədrlərinin protokolları vermədən getdiyini və s. pozuntuları qeyd edərək dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. Dairə seçki komissiyası qərarını onunla əsaslandırıb ki, qanun pozuntuları təsdiqini tapmayıb. Sənədlər təkrarən araşdırılıb, digər namizədlərdən, müxtəlif namizədləri təmsil edən müşahidəçilərdən izahatlar alınıb. Səsvermə günü seçki dairəsi üzrə 2, 14, 20 saylı seçki məntəqələri istisna olmaqla mübahisələndirilən digər məntəqələrində pozuntular qeydə alınmayıb. Qeyd edilən 2, 14, 20 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi üçün hüquqi əsas yaranıb”.

MSK üzvü əlavə edib ki, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 3, seçki dairəsində olan ümumi seçki məntəqələrinin sayı 32-dir. Buna görə də həmin dairə üzrə seçkilərin nəticələrinin ləğvi üçün əsas yaranmayıb.

Təklif səsə qoyularaq qəbul edilib.

tag: Seçki ,MSK, Qanunsuz ,Məntəqə ,Nəticələr ,Ləğv, todaypress.az,