Vüqar Kərimov: “Mütləq formada balanslaşmanı qorumalıyıq”

COP

31.10.2024 12:15

“Təəssüf ki, Azərbaycan da iqlim dəyişmələrinin yaratdığı problemlərdən yan keçə bilməyib, əksinə ən həssas ölkələr siyahısındadır. Biz bunu azalan su ehtiyatlarımızla, seyrəkləşən meşələrimizlə, geomüxtəlifliyimizlə müşahidə edirik”. 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu zamanı deyib. 

Onun sözlərinə görə, Müxtəlif tədqiqatlar nəticəsində müəyyən olunub ki,  son dövrlər Yer kürəsinin 1.5 dərəcədən çox qızması göstərir ki, burada antropagen təsirlərinin rolu çox böyükdür:

“200 il bundan öncə dünya alimləri narahat idi ki, atmosferdə karbon çatışmazlığı mövcuddur. Buna əsasən də işlər aparırdılar ki, hansısa formada həmin emissiyaları artırsınlar. Lakin indi biz bunun tam əksini, planetdə karbon emissiyaların kəskin artmasını müşahidə edir, bundan narahatlıq duyuruq. Təəssüf ki, yaşadığımız dünyada nə isə istehsal etməmək mümükün deyil. Bu zaman isə istər-istəməz atmosferə karbon qazı buraxılır”. 

2018-ci ildə aparılan tədqiqat və hesablamalar nəticəsində müəyyən olunub ki, əgər insanlar heç nə istehsal etməsə, Yer kürəsinin 10 milyard insanı saxlamağa gücü çatacaq. 

“Lakin hazırda insanların sayı 8 milyarddan çoxdur və biz dayanmadan nə isə istehsal edirik. Buna görə də mütləq formada balanslaşmanı qorumalıyıq. Həm sənaye sahəsi inkişaf etməli, həm də planetimiz sağ qalmalıdır. Bizim planetimizi qorumaqdan başqa şansımız yoxdur. Çünki gedəcək başqa yerimiz mövcud deyil” deyə Vüqar Kərimov əlavə edib.  

O, bildirib ki, Azərbaycan öhdəliyinə götürdüyü işləri yerinə yetirməkdədir. Buraya 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılması, tullantıların təkrar emalı prosesinin əhatə dairəsi ölkə üzrə 20 faizə, regionlarda isə 10 faizə çatdırılması, 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının həcmini 40 faizədək azal­dılması və s. daxildir. 

Qeyd edək ki, tədbir İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. 

Töhfə Səməd

tag: Azərbaycan, İqlim, DİM,İqtisadiyyat, COP29, todaypress.az,