Səfir: "COP29 qlobal konsensusuma nail olmaq üçün ən dəyərli vasitədir"

COP

15.11.2024 10:27

“Biz çalışırıq ki, daha da çox hidrotexniki zavodlar inşa edək. Bu, bizi daha çox “yaşıl elektrik enerji”si istehsalı ilə təmin edəcək”. 

Bunu TodayPress-ə verdiyi açıqlamasında Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib. 

Onun sözlərinə görə, “yaşıl elektrik enerji”si ölkənin iqtisadiyyatının inkişafını və xalqın rifahını təmin edəcək və bu da Qırğızıstanın sürətli inkişafına zəmin yaradacaq:

“Bizim üçün ən vacibi çaylarımızı əmələ gətirən buzlaqlarımızı qorumaqdır. Hidro resurslarımızın azalmasını istəmirik. Biz buzlaqların və hidro resursların qorunması məqsədilə ölkələr arasında olan dialoqu üstün tuturuq və bunun reallaşması üçün çalışırıq. Çünki buzlaqlar təkcə Qırğızıstanın deyil, bütün qonşu Orta Asiya ölkələrinin, o cümlədən Qazaxıstan və Özbəkistanın həyatını təmin edirlər. Çaylarımızın aşağı axarında mövcud olan bütün ölkələr, öz sularını bizdən alırlar. Ona görə də biz dünya ictimaiyyətinin köməyi ilə iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmalıyıq”. 

Səfir Qırğızıstan və COP29-un bütün iştirakçıları üçün gözəl şərait yaratdığına görə Azərbaycana minnətdarlığını bildirib:

“Azərbaycanın burada hamımız üçün yaratdığı dialoq iqlim məsələsi ilə bağlı ümumi qlobal konsensusumuza nail olmaq üçün ən dəyərli vasitədir. Azərbaycanın gördüyü işlər yalnız təqdir olunmalıdır". 

Səfirin sözlərinə görə, bütün ölkələrin, dünyanın və xalqların rifahı naminə qlobal iqlim gündəliyinin inkişafı istiqamətində aktiv fəaliyyət göstərilməlidir. 

Töhfə Səməd

tag: COP29, Qırğızıstan, Azərbaycan, Maksat Mamıtkanov,Hidro Resurslar, todaypress.az,