Pərvanə Vəliyeva: “Hazırki maliyyə hədəfi problemləri həll etmək üçün kifayət deyil”

COP

28.09.2024 17:31

“Hazırkı 100 milyard dollarlıq maliyyə hədəfi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə ilə məhdudlaşdırmaq və iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrin problemlərini həll etmək üçün kifayət deyil”. 

TodayPress xəbər verir ki, bunu COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva iqlim və ekoloji məsələlər üzrə jurnalist Dare Akogunun şəxsi bloquna verdiyi açıqlamada deyib. 

Onun sözlərinə görə, bu hədəfi əhəmiyyətli dərəcədə artıraraq ən azı 500 milyard dollara, hətta 1 trilyon dollara çatdırmaq lazımdır. Dünya ictimaiyyəti bunu inkişaf etmiş ölkələrdən gözləyir.

“İlk növbədə, G7 və müəyyən dərəcədə G20 ölkələri öz məsuliyyətlərini dərk etməli, müvafiq qərarlar qəbul etməli və konsensus əldə etməlidirlər” deyə o, bildirib.

Xatırladaq ki, dünyanın ən mötəbər tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Töhfə Səməd

tag: Qlobal İstiləşmə ,COP29, Pərvanə Vəliyeva ,Milli Məclis ,Dünya,todaypress.az,