Orxan Məmmədov: “3 mühüm elementdən biri ətraf mühit məsələsidir”
COP
06.11.2024 10:50
“Özəl sektor və ictimai təşkilatlar səviyyəsində ESG ilə bağlı təşəbbüslər edilirdi. Lakin onlar fərdi xarakter daşıyır və kütləviliyin artırılmasına gətirib çıxara bilmirdi. ESG üzrə alt qrupun yaradılması isə bu boşluğu aradan qaldırmaqla daha sistemli və əhatəli yanaşmanın tətbiqinə, ən əsası dövlət və özəl sektorun səylərinin birləşdirilməsinə imkan verdi”.
TodayPress xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, ümumilikdə, ESG prinsipləri ətraf mühitinqorunması, insan sağlamlığı, sosial inkişaf kimi vacib sivil elementləri əhatə etməklə yanaşı, müxtəlif aspektlər baxımından bizneslər üçün çox əhəmiyyətlidir. Belə ki, sözügedən meyarlara riayət edilməsi müəssisələrin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xarici investisiyaların cəlb edilməsinə imkan verir:
“ESG prinsinin 3 mühüm elementindən biri ətraf mühit məsələsidir. Həmçinin, bir müddət əvvəl Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində KOBİA-nın təşəbbüsü və özəl sektorun dəstəyi ilə “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı da qəbul edilmişdir. Düşünürük ki, Yaşıl Dünya Naminə Həmrəklik ilində və COP29 ərəfəsində bu cür standartların qəbul edilməsi və ESG üzrə vahid platformanın istifadəyə verilməsi dövlətin yaşıl siyasəti istiqamətində gördüyü mühüm işlərə əlavə dəstək və töhfə vermək imkanına malikdir”.
Töhfə Səməd
tag: Orxan Məmmədov, ESG, KOBİA, Yaşıl Dünya, todaypress.az,