“New York Times” Azərbaycanın COP29-a Sədrliyi ilə bağlı məqalə dərc etdi
COP
02.08.2024 23:00
ABŞ-nin nüfuzlu “New York
Times” nəşrində Azərbaycana və ölkəmizin COP29-a Sədrliyinə həsr olunmuş
“Dağlıq kurort, şərab, qoyun kababı və çoxlu iqlim söhbətləri” başlıqlı məqalə
dərc edilib.
TodayPress xəbər
verir ki, məqalədə bir neçə gün əvvəl şərab ölkəsi olan Azərbaycanda, Qafqazın ətəklərinə
mənzərəsi olan oteldə dünyanın aparıcı iqlim diplomatlarının qlobal istiləşmə
ilə mübarizə və onun təsirlərindən ən çox əziyyət çəkən yoxsul və həssas ölkələrə
yardım üçün böyük miqdarda pulların necə ayrılacağını müzakirə etmək üçün bir
araya gəldikləri bildirilib. Müəllif görüşün noyabrda Bakıda keçiriləcək COP 29
konfransına hazırlıq xarakteri daşıdığını bildirib.
“Əvvəlki sammitlərdə dünya ölkələri
var gücləri ilə iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlər, əsasən də bəşəriyyətin
mədən yanacağından asılılığının mümkün qədər tez aradan qaldırılması barədə
razılığa gəlməyə çalışıb. Ötənilki tədbirdə dünya bu barədə razılıq əldə edib.
Lakin bu yalnız kağız üstündədir. Bu nə qədər vəsait tələb edir, kim ödəyəcək?”
deyə müəllif, COP 29-da məhz bu məsələlərə aydınlıq gətiriləcəyini əlavə edib.
Müəllif yazır ki, iqlim dəyişikliyinin
təsirlərindən əziyyət çəkən daha yoxsul ölkələr zəngin ölkələrdən enerji keçidlərini
sürətləndirməyə kömək etmələrini istəyir. On il əvvəl Parisdə keçirilmiş iqlim
sammitində imzalanmış razılaşmaya əsasən, bu zəngin ölkələr Avropa ölkələri,
ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiyadır.
“Lakin bu siyahı 1990-cı illərin
əvvəllərindəki inkişaf səviyyələrinə əsaslanırdı və o vaxtdan bəri dünya çox dəyişib.
Siyahıdakı ölkələr sonradan zənginləşmiş dövlətlərin, o cümlədən Çin, Sinqapur
və Səudiyyə Ərəbistanı kimi ölkələrin siyahıda yer almamasını ədalətsizlik
adlandırır” deyə qeyd olunur.
Müəllif əlavə edir ki, Bakıda
keçiriləcək sammit zamanı “İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədi”
adlı paketin imzalanması planlaşdırılır.
Jurnalist həmçinin iqlim
diplomatlarının görüşündə seanslar arasında bu istiqamətdə səmimi müzakirələrin
aparıldığını qeyd edib. Panama, eləcə də tropik meşə ölkələrinin koalisiyasını
təmsil edən Emilio Sempris bomba və müharibələrə pul qoyan zəngin ölkələrə
iqlimin daha ucuz olduğunu xatırladıb. Marşal adalarını təmsil edən fəal Kati
Cetnil-Kiciner isə bunun onlar üçün sağ qalmaq uğurunda mübarizə olduğunu
bildirib. Müəllif noyabrda keçiriləcək sammitdə gərgin müzakirələrin baş
tutacağını xatırladıb.
Müəllif “New York Times”ın
qlobal enerji və iqlim siyasətləri və istixana qazı emissiyalarının azaldılması
üçün yeni yanaşmalar barədə yazan müxbiri Maks Berakdır.
tag: NYT, Azərbaycan, COP29, Maks Berak, todaypress.az,