Müxtəlif mədəniyyətlərin cəmləşdiyi məkan: COP29-un Mavi Zonasından - REPORTAJ
COP
15.11.2024 18:10
Bakının ev sahibliyi etdiyi COP29-un Mavi Zonasında artıq bir neçə gündür ki, rəsmi iclaslar, tədbirlər və mətbuat konfransları keçirilir.
TodayPress xəbər verir ki, burada eyni zamanda iştirakçı ölkələrin iqlimlə bağlı layihə və texnologiyalarının nümayişi üçün 100-dən çox pavilyon qurulub.
Ev sahibinin pavilyonunda Azərbaycan xalqının milli adət-ənənəsinə aid şirniyatların təqdim olunması, musiqi əsərlərimizin nümayiş etdirilməsi böyük maraqla qarşılanır. COP29-un Dayaqlı inkişaf üzrə meneceri Fatimə Fətəliyevanın sözlərinə görə, Azərbaycan pavilyonunun əsas ideyası iqlim dəyişmələri haqqında ölkənin əsas öhdəliklərini və siyasətini nümayiş etdirmək, problemlərlə mübarizədə həmrəyliyi təbliğ etməkdir.
Diqqətçəkən pavilyonlardan biri də Çinə məxsusdur. Burada təşkil olunan müxtəlif tədbirlərdə kağız israfına diqqət çəkmək üçün təkar emal olunan kağızlardan hazırlanan stollar istifadə olunur. Eyni zamanda məişət tullantılarından hazırlanmış stəkanlar nümayiş olunur.
Qonaqların ən çox ziyarət etdiyi məkanlardan biri də Tailandın povilyonudur. Burada nəsli kəsilməkdə olan cücə begemotların mühafizə edilməsinə diqqət çəkmək üçün fərqli metodla çağırış edilir.
Maraqlı pavilyonlardan biri də Burkina Fasonundur. Pavilyonun təmsilçisi Davidvende Zoyunqrananın sözlərinə görə, ölkəsinin COP29-da iştirak etməsində əsas məqsədi ətraf mühitin, enerjinin və kənd əhalisinin qarşısında duran çətinlikləri aradan qaldırmaq, onların rifahına nail olmaqdır. Hədəf, Burkina Fasonu bərpa olunan enerji ilə təmin etmək və bu yolla həm ətraf mühiti, həm də iqlimi qorumağa çalışmaqdır. Bu proses, eyni zamanda, onlar üçün daha əlverişli həyat şəraitinin yaradılmasında mühüm addım hesab olunur.
Pavilyonlarda ölkələr ziyarətçilərə öz milli mətbəxlərinə aid çay və şirniyyatları da təqdim edirlər.
Qeyd edək ki, ziyarətçilər COP29-un sonuncu gününə yəni, noyabrın 22-dək Bakı Olimpiya Stadionunda pavilyonları ziyarət edə bilərlər.
Günəş Mərd
tag: COP29, Pavilyon, Ziyarətçilər, Mavi Zona, Bakı, Stadion,