Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak etdi
COP
15.11.2024 23:42
Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də “Ecumene” Qlobal Forumu
tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan plenar iclasda
çıxış edib.
TodayPress xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi
COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla
Əliyeva, qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq
həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Leyla Əliyeva çıxışında Azərbaycanda su resurslarının
dayanıqlı idarə edilməsinə dair bir sıra məqamlara toxunub. Ölkəmiz tərəfindən
həyata keçirilən bir sıra tədbirlər, o cümlədən yaxın illər ərzində yaradılması
nəzərdə tutulan 10 su anbarı barədə plenar iclas iştirakçılarına məlumat
verilib.
Xəzər dənizində su səviyyəsinin son illər ərzində
endiyini qeyd edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdə
biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Xəzər
suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox
endiyi bildirilib. Leyla Əliyeva qeyd edib ki, “Blue Marine Foundation”
təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk
dənizkənarı mühafizə olunan ərazi kimi seçilib.
Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai
Birliyi tərəfindən su resurslarının mühafizəsi istiqamətində görülən tədbirlərə
toxunub. Bildirilib ki, “Zəngin hövzələr” layihəsi çərçivəsində müxtəlif növ
milyonlarla balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə
buraxılıb. “Bir damcı” layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli
istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Qeyd edək ki, plenar iclasda həmçinin BMT Baş katibinin
iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart,
Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa, BMT-nin
Ətraf Mühit Proqramının keçmiş icraçı direktoru Erik Solheym, Rusiya
Federasiyası prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi
nümayəndəsi Ruslan Edelgeriyev, Çeçenistan Respublikası başçısının və
hökumətinin administrasiyası rəhbərinin birinci müavini – Çeçenistan
Respublikasının naziri Xədicat Kadırova və Ümumrusiya təbiətin mühafizəsi
cəmiyyətinin Mərkəzi Şurasının sədri Vyaçeslav Fetisov iştirak ediblər.
tag: Leyla Əliyeva, COP29, İDEA, Qlobal, Ecumene, todaypress.az,