Kanadalı ekofəal: “Bütün ölkələr əllərini daşın altına qoymalıdır”

COP

12.11.2024 18:30

"Mən “Sustaina Klaus”am, yəni uşaqları sevindirən həmin personajın gələcək üçün mübarizə aparan versiyasıyam. Geyimimlə planetin nəsli kəsilməkdə olan pandalarına və iqlim dəyişikliklərinə diqqət çəkmək istəyirəm. Əlimdəki xoruz isə oyanmaq mənasını verir". 

Bunu TodayPress-ə verdiyi açıqlamasında kanadalı ekofəal və "Planetary Guardian" hərəkatının təsisçisi Filip Mak Master deyib. 

O, COP29 sammitində qeyri-adi tərzdə geyimdə görünərək diqqət mərkəzinə çevrilib. Mak Master bildirir ki, öz görkəmi ilə insanların iqlim mövzularına daha həssas yanaşmasını hədəflədiyib. Ekofəal Azərbaycanın potensial iqlim tədbirləri üçün mühüm bir platforma olduğunu qeyd edib: 

"Azərbaycana gəlmək, bu ölkənin təbii gözəlliklərini və unikal mədəniyyətini görmək təkcə zərurət deyil, həm də ilham mənbəyidir. İnsanların COP29 konfransı üçün Azərbaycana gəlməsini təşviq edirəm, çünki bu, həm də ölkənin iqlimlə bağlı qlobal müzakirələrdə rolunu möhkəmləndirəcək bir fürsətdir".

“Sustaina Klaus” əlavə edib ki, onun qayəsi yalnız ekosistemin qorunmasına deyil, həm də insanların təbiətlə harmoniyada yaşamasına yönəlib. Onun sözlərinə görə, iqlim dəyişmələri mövzusu sadəcə hava ilə bağlı deyil, bəşəriyyətin gələcəyinə və ümumi rifaha təsir edən bir məsələdir. Gənclər isə bu planetin gələcəyidir və onların dəstəyinə ehtiyacımız var. 

Ekofəalın fikrincə, iqlim dəyişmələrinə qarşı mübarizə təkcə elmi bir məsələ deyil, həm də hər kəsin kollektiv formada iştirakıdır. O, bildirib ki, bu cür problemlərin həllində maliyyə mühüm rola malikdir. Bu baxımdan bütün ölkələr əllərini daşın altına qoymalıdır. 

Töhfə Səməd

tag: Personaj, COP29,Sustaina Klaus, Filip Mak Master ,Azərbaycan,todaypress.az,