IGAD nümayəndəsi: “Bizim su ehtiyatlarımız olduqca azdır, dəstəyə ehtiyacımız var”
COP
14.11.2024 12:10
“Hökumətlərarası İnkişaf Təşkilatı (IGAD) Afrika Buynuzu boyunca regional əməkdaşlığı, sabitliyi və davamlı inkişafı təşviq etməyə sadiqdir. Səkkiz üzv ölkə - Cibuti, Eritreya, Efiopiya, Keniya, Somali, Cənubi Sudan, Sudan və Uqanda ilə biz öz fəaliyyətimizi davam etdiririk”.
Bunu TodayPress-ə verdiyi açıqlamada IGAD İqlim Proqnozlaşdırma və Tətbiq Mərkəzinin koordinatoru Filip Amondi bildirib.
Onun sözlərinə görə, təşkilat öz üzv dövlətlərinin sülh, təhlükəsiz və firavanlıq içində yaşaması üçün hazırda COP29-da öz pavilyonunu təqdim edir:
“Davamlı torpaq istifadəsini, ərzaq təhlükəsizliyini və suyun qorunmasını təşviq etmək istəyirik. İqlimdən qaynaqlanan münaqişələrin, miqrasiyanın həlli və transsərhəd sabitliyin gücləndirilməsi isə bizim əsas məqsədlərimiz sırasındadır”.
Filip Amondinin sözlərinə görə, IGAD suya bərabər çıxışı təmin etmək və suyun keyfiyyətini yaxşılaşdırmaq üçün İnteqrasiya edilmiş Su Resurslarının İdarə (IRM) edilməsini müdafiə edərək regionda davamlı su ehtiyatlarının idarə edilməsini və “mavi iqtisadiyyatı” təşviq edir:
“Təşkilat transsərhəd su ehtiyatları üzrə əməkdaşlığı asanlaşdırır, üzv dövlətlərə təlim və texniki dəstək verir, yaşayış vasitələrini və ərzaq təhlükəsizliyini artırmaq üçün balıqçılıq və akvakulturada dəniz və şirin su ehtiyatlarından davamlı istifadəni təşviq edir. Lakin bütün bunları daha yaxşı həyata keçirmək üçün bizə maliyyə dəstəyi lazımdır. Bizim su ehtiyatlarımız olduqca azdır. Əsas gəlirimiz isə heyvandarlıqdan gəlir. Buna görə də dəstəyə ehtiyacımız var. Əminəm ki, COP29-da biz buna nail olacıq”.
Töhfə Səməd