ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirildi - FOTO

COP

06.11.2024 12:15

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid plaformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib.  

TodayPress xəbər verir ki, konfransda müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər. 

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bildirib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf üzrə 2030-cu illəri nəzərdə tutan strategiyada yaşıl iqtisadiyyat əsas prioritetdir. Onun sözlərinə görə, Azərbaycanın strateji baxış sənədi beş əsas mərhələni nəzərdə tutur. Onlardan 3-ü artıq reallaşdırılıb, digər ikisi isə qarşıdakı dövrdə həyata keçiriləcək. 

KOBİA-nın İdarə Heyətinin sədri, müvafiq komissiyada ESG üzrə altqrupun da təmsil olunduğu “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun rəhbəri Orxan Məmmədov ESG prinsip və istiqamətlərindən söz açıb: 

“ESG prinsinin 3 mühüm elementindən biri ətraf mühit məsələsidir. Həmçinin, bir müddət əvvəl Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində KOBİA-nın təşəbbüsü və özəl sektorun dəstəyi ilə “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı da qəbul edilmişdir. Düşünürük ki, Yaşıl Dünya Naminə Həmrəklik ilində və COP29 ərəfəsində bu cür standartların qəbul edilməsi və ESG üzrə vahid platformanın istifadəyə verilməsi dövlətin yaşıl siyasəti istiqamətində gördüyü mühüm işlərə əlavə dəstək və töhfə vermək imkanına malikdir”. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, Azərbaycan "Yaşıl iqtisadiyyat"a keçidin dəstəklənməsi məsələsində öz liderliyini davam etdirəcək. COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq. Bu təşəbbüslər qlobal səviyyədə "Yaşıl iqtisadiyyat"a mühüm töhfələr verəcək. 

“ESG standarları tələb edir ki, məsuliyyət bölüşdürülməlidir. İşçi əməyi artırılmalı, lakin şəxs işə qəbul olduqdan sonra onun fəaliyyəti, biliklərinin artırılmasına diqqət yetirilməlidir. Şübhəsiz ki, gender bərabərliliyi də ESG-nin ən böyük tələblərindən biridir” deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov öz çıxışı zamanı vurğulayıb. 

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova ESG üzrə vahid platformaya (https://esghub.az/) və Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov ESG üzrə milli standarta dair təqdimatlarla çıxış edib, BMT Azərbaycanın Tərəfdaşlıq və inkişaf məsələləri üzrə məsul şəxsi Ülviyyə Əkbər “29 iqlim söhbətləri: COP29-a gedən yol və ESG platformasının ideyası” barədə məlumat verib. 

Vurğulanıb ki, ESG üzrə vahid platforma daima yenilənən və ESG ilə əlaqəli hərtərəfli məlumat və materialları birləşdirən resurs mərkəzi rolunu oynayacaq. Platforma bizneslərin cari vəziyyəti, dayanıqlılığı, ESG hesabatlılığı üzrə indikator və məlumatları təmin etməklə, xarici investorların cəlb edilməsinə xidmət edəcək. Tərəfdaşlar ESG ilə əlaqəli xidmətlərini bu platforma üzərindən biznes subyektlərinə, bizneslər isə ESG üzrə təcrübəli mütəxəssis və peşəkar şirkətlərə çıxış imkanı əldə edəcklər. Platforma ətraf mühit və dayanıqlı inkişaf məsələlərinə, beynəlxalq reytinqlərdə ekoloji performansla bağlı göstəricilərə müsbət töhfə verəcək. Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı ərəfədə istifadəyə verilən ESG üzrə vahid platforma həm də ölkənin ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir.  

Konfransda qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir. Standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Standartın tətbiqi könüllü xarakter daşıyır. 

Tədbir öz işini “Daha yaşıl gələcəyin qurulması: ESG platforması və prinsiplərinin effektiv həyata keçirilməsi üçün strategiyalar” mövzusunda panel müzakirələrlə davam etdirib, iştirakçıların sualları cavablandırılıb.

Töhfə Səməd

tag: ESG, COP29, Azərbaycan, Komissiya, Biznes, Yaşıl Gələcək, todaypress.az,

photo
photo
photo
photo