Əhməd Əl-Cubeyr: “İqlim dəyişikliyinə qarşı mübarizədə birgə işləmək lazımdır”

COP

13.11.2024 17:48

“Səudiyyə Ərəbistanı dünyanın bir hissəsidir.  Biz inanırıq ki, iqlim dəyişikliyi probleminə cavab vermək və ətraf mühiti yaxşılaşdırmaq üçün məntiqli, rasional, elmi və qeyri-emosional şəkildə birgə işləmək lazımdır”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada Səudiyyə Ərəbistanının xarici işlər naziri və İqlim Məsələləri üzrə Elçi Adel bin Əhməd Əl-Cubeyr deyib. 

Onun sözlərinə görə, ölkəsi günəş enerjisinə, küləyə, suya, yaşıl və təmiz hidrogenə yatırdığı investisiyalar baxımından lider ölkə rolundadır. 

“Səudiyyə Ərəbistanının ətraf mühit və səhralaşma ilə bağlı ölkə daxilində 70-dən çox təşəbbüsü var. İstər tullantıların enerjiyə çevrilməsi, istərsə də ərazilərimizin 30%-nə qədərinin su ehtiyatının mühafizəsi zonasına aid edilməsi buraya daxildir. Biz bütün dünyada suya ehtiyacı olan insanları təmiz su ilə təmin etmək üçün Qlobal Su Təşkilatını yaratdıq. Səhralaşmaya qarşı mübarizə və torpaqların bərpası məqsədilə Yaxın Şərqdə ağac və kolların əkilməsi ilə məşğul olan Səudiyyə Ərəbistanı “Yaşıl Təşəbbüsü”nü işə saldıq. 

Nazirin sözlərinə görə, torpağı yenidən bərpa etmək, qlobal sabitliyə töhfə verməklə yanaşı, həyatı da yaxşılaşdıra bilər. Qeyd edib ki, Səudiyyə Ərəbistanı təkcə iqlim dəyişikliyi deyil, həm də okeanlar və quraqlıq problemi ilə bağlı çağırışlara cavab vermək üçün qlobal ictimaiyyətlə aktiv əməkdaşlıq edir.

Qeyd edək ki, torpaqların bərpası ilə məşğul olmaq və qlobal sülhə, sabitliyə töhfə vermək məqsədilə bu ilin dekabrında Səudiyyə Ərəbistanı BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının (COP16) 16-cı sessiyasına ev sahibliyi edəcək. 

Günəş Mərd

Töhfə Səməd

tag: Səudiyyə Ərəbistan,Elçi Adel bin Əhməd Əl-Cubeyr,BMT, COP29,todaypress.az,