COP29 zamanı iş olmayacaq: Sahibkarlara kompensasiya ödəniləcək? - AÇIQLAMA
COP
15.10.2024 16:14
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə bir aydan az bir müddət qalıb. Noyabrın 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbir Bakının müxtəlif istiqamətlərində keçiriləcək.
Nazirlər Kabinetinin müvafiq tapşırıqlarına əsasən dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişdiriləcək. Bununla da orta məktəblər tətilə buraxılacaq, ali məktəblərdə tədris isə onlayn qaydada aparılacaq. Həmçinin dövlət idarələrinə işçi heyətinin 70%-nin məsafədən işləməsinin təşkili ilə bağlı qərar verilib.
Lakin bütün bu olanlar fonunda ortaya mühüm bir sual çıxır: bəs özəl sektorda işləyənlərin aqibəti necə olacaq? Bəlli məsələdir ki, minlərlə xarici vətəndaş məhz bu tədbirə görə, Azərbaycana axın edəcək. Bu zaman xüsusilə də xidmət sektorunun üzərinə iki qat iş düşür. Lakin hazırda sahibkarlar arasında çaşqınlıq yaranıb: onlar da sistemli iş rejiminə keçməlidir, yoxsa əksinə normal qaydada öz fəaliyyətlərinə davam etməlidirlər?
TodayPress-in suallarına cavab olaraq iqtisadçı Eldəniz Əmirov bildirib ki, COP29 ərəfəsində özəl sektora birbaşa olaraq iş rejimi ilə bağlı hər hansısa qadağanın olması gözlənilmir. Sadəcə iş qrafikləri ilə bağlı müəyyən tövsiyyələr ola bilər:
“Düşünmürəm ki, hər hansısa qadağa xidmət sektoruna aid olsun. Çünki COP29 çərçivəsində ölkəmizə səfər edəcək vətəndaşların bu xidmətlərdən yararlanmasına ehtiyac var. Əksinə xidmət sahələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərməlidir ki, effektivlik yuxarı səviyyədə olsun”.
Qeyd edək ki, ötən aylarda yerli mediada məlumat yayılmışdı ki, COP29 ərəfəsində özəl sektorun fəaliyyəti ilə bağlı yaxın zamanlarda qərar verilə bilər. Məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Nə edək, dahi şair Nizami Gəncəvinin də dediyi kimi, görək bu zülmət gecə (şəbe dac) bizə nə oyun oynayacaq.
Töhfə Səməd
tag: COP29 ,İqlim, Eldəniz Əmirov ,Bakı, BMT ,Azərbaycan ,Sahibkarlar ,todaypress.az,