COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək
COP
17.09.2024 21:55
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29
konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə
alınaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
və Bakı Şəhər Dövlət Yol Polisi idarəsi tərəfindən optimallaşdırılmış nəqliyyat
sxeminin tətbiqi üzrə müvafiq işlər davam etdirilir.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən TodayPress-ə verilən məlumata görə, böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.
Tədbir məkanı
olan Bakı Stadionunun yerləşməsi, şəhərin metrostansiya xəritəsi, otel və
yaşayış komplekslərinin sıx yerləşdiyi ərazilər və digər amillər nəzərə
alınaraq planlaşdırılan nəqliyyat qovşaqları şəbəkəsi müxtəlif marşrut və
nəqliyyat sxemlərini özündə ehtiva edəcək. Sxemlər barədə hərəkət iştirakçıları
davamlı olaraq məlumatlandırılacaqdır. Belə ki, bu qovşaqların strateji
yerləşməsi istər qonaqların, istərsə də şəhər sakinlərinin müxtəlif növ
nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtəsinə rahat
çatmaları üçün sərf edilən zamanı minimallaşdıracaq. Təyin olunacaq əhatəli
nəqliyyat marşrutları üzrə tədbir əməliyyatlarının səmərəli təşkili üçün
yüzlərlə taksi və 400-ə yaxın avtobus, o cümlədən ekspress ictimai avtobuslar,
xüsusi “konfrans avtobusları” və “hava limanı avtobusları”nın hərəkəti təşkil
edilərək müntəzəm sərnişindaşıma xidməti icra olunacaq. Nəqliyyat sxeminin
tətbiqində əsas amillərdən biri də tədbirin keçiriləcəyi tarixlərdə
vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirilməsi məqsədilə
əlçatan və rahat alternativlərin təmin edilməsidir.
tag: COP29, Bakı, Nəqliyyat, Avtobus, todaypress.az,