COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlandı
COP
01.11.2024 20:35
BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və
prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.
TodayPress verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
(DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan
Piriyev COP29 tədbirləri çərçivəsində həyata keçiriləcək nəqliyyat planının
təqdimatında məlumat verib.
O bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən
şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi
yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna
yönəldiləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və “Şamaxinka”
kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq.
Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə
yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri
Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka”
istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt
istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki
yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq.
Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol
yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.
"Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil
olunacaq" N. Piriyev bildirib.
Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və
prospektlərdə hərəkət istiqaməti dəyişdirilib: "Mərkəzdən hava limanı
istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə,
ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8
Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə
davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov
qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən
sürücülər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov,
Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat
yoluna çıxa biləcəklər.
Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz
istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod
küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin
arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və
Rəşid Behbudov küçələrinə çıxa biləcəklər".
N. Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası
və Maştağa qəsəbəsinin “Albalılıq” ərazisindən hava limanı istiqamətində
gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ
şosesinə çıxmaqla yoluna davam edə biləcəklər: "Hava limanı istiqamətindən
gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afyəddin
Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər.
Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə
Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ
biləcəklər".
tag: COP29, Bakı, Nəqliyyat, Avtobus, todaypress.az,