COP29-un birinci plenar iclası başa çatdı
COP
11.11.2024 22:45
COP29-un birinci plenar iclasında Tərəflər Konfransının fərdi sessiyaları və iclaslarının gündəliyi qəbul edilib.
TodayPress xəbər verir ki, iclasa COP29-un
prezidenti Muxtar Babayev sədrlik edib.
M.Babayev müxtəlif sessiya və iclasların gündəliyini
təsdiqlədikdən sonra bildirib ki, sabah Azərbaycan Prezidenti 100-ə yaxın
dövlət və hökumət başçılarını salamlayacaq, bundan sonra onlar Dünya
Liderlərinin İqlim Fəaliyyəti Sammitində milli bəyanatlarla çıxış edəcəklər. Bu
sammitin ikinci hissəsi noyabrın 18-19-da baş tutacaq.
Onun sözlərinə görə, Braziliyadan sonra COP31-ə sədrlik
Qərbi Avropa ölkələri qrupu, COP32-yə isə Afrika Ölkələri Qrupuna keçəcək.
COP29 prezidenti bu ölkələri 2026 və 2027-ci illərdə iqlim konfranslarına ev
sahibliyi ilə bağlı danışıqları aktivləşdirməyə çağırıb.
Sessiyada həmçinin İtki və Zərər Cavab Fondunun hesabatı
dinlənilib. Fondun nümayəndəsi indiyədək görülən işləri açıqlayıb və fondun
İdarə Heyətinin Filippində yerləşəcəyini bildirib.
Bundan sonra CMP19 (Kyoto Protokolunun Tərəflərinin
görüşü), daha sonra CMA6 (Paris Sazişi Tərəflərinin görüşü) sessiyaları üzrə
qərarlar qəbul edilib.
tag: Azərbaycan, COP29, Braziiliya, COP31, Afrika, todaypress.az,