“COP29-u boykot etmək zəifliyin bariz sübutudur”
COP
12.11.2024 09:56
Azərbaycanlı nazirlər və bir sıra rəsmilər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bir araya gəliblər.
TodayPress xəbər verir ki, onlar tədbirin keçirildiyi məkanla tanış olublar.
Jurnalistlərə danışan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov diqqətə çatdırıb ki, Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət etmək üçün regional və beynəlxalq əməkdaşlıqlarla yanaşı, maliyyə dəstəyi də ayrılmalıdır.
Onun sözlərinə görə, Xəzər dənizinin ekoloji problemləri böyükdür:
"Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb. Azərbaycan Prezidenti Aşqabad Sammitində ilk dəfə olaraq Xəzərin səviyyəsinin aşağı düşməsi və Xəzərin ekoloji problemlərinə sahilyanı dövlətlərin daha yüksək yanaşması üçün çağırış edib. Bütün bu məsələlər hazırda da aktuallığını saxlayır. Xəzərin su səthinin aşağı düşməsi Xəzəryanı ölkələr, xüsusilə də dənizin sahilində yerləşən yaşayış məntəqələri üçün ciddi problemlərə yol aça bilər. Bu məsələdə həmrəy olmaq lazımdır. Xəzəryanı ölkələr dənizin su səthinin nəzarətdə saxlanması, flora və faunasının qorunması üçün layihələrin hazırlanması ilə bağlı səylərini əsirgəməməlidirlər".
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Xəzər dənizi ilə bağlı əməkdaşlığın bütün formatlarında səylər artırılmalıdır:
"Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli Konvensiyanın daimi katibliyinin formalaşdırılması aktual məsələ olaraq qalır. Hazırda bu katibliyi BMT-nin təşkilatı həyata keçirir. Lakin bu katiblik Xəzəryanı ölkələrdən birinə verilməlidir. Bu ölkələr katibliyin işini təkmilləşdirməli və Xəzərin ekoloji məsələsinə daha çox diqqət yetirməlidir".
Həmçinin o bildirib ki, poblemlərdən biri də Xəzər dənizinin kənardan çirkləndirilməsi məsələsidir. Xəzərə tökülən su hövzələrinin problemlərinə yaxından baxılmalıdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə vurğulayıb ki, COP29-u boykot etmək zəifliyin bariz sübutudur.
Deputatın qənaətincə, bu, Azərbaycanın yox, BMT-nin tədbiridir. Deməli, onlar öz maraqlarını ödəmək üçün bütün dünyanı boykot etməyə hazırdırlar. Gördüyünüz kimi, nə boykot, nə də hansısa sanksiyalara çağırış alınır. Çünki dünyadakı problemlər bu gün burada ən yüksək səviyyədə müzakirə olunur.
Töhfə Səməd
tag: Azərbaycan, BMT, COP29, Xəzər, Problemlər,Çirkli Su, todaypress.az,