COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirildi, aidiyyəti məsələlər üzrə tapşırıqlar verildi
COP
08.07.2024 20:27
İyulun 8-də BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar
Təşkilat Komitəsinin beşinci iclası keçirilib.
TodayPress xəbər verir
ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat
Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham
Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.
Samir Nuriyev bildirib ki,
Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı
plyus” formatında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri
Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29
zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və
konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Təşkilat
Komitəsinin sədri əlavə edib ki, Şuşa Zirvə görüşündə qəbul olunmuş “Qarabağ Bəyannaməsi”ndə
qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın
ardıcıl səylərini dəstəkləyiblər.
Samir Nuriyev Prezident İlham
Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət
və hökumət başçılarının sayının artdığını bildirib. O, Sammitə böyük marağın
ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil
etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə
etimadın göstəricisi olduğunu vurğulayıb.
Prezident Administrasiyasının
rəhbəri bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun
mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda
hazır olacaq.
Təşkilat Komitəsinin sədri
2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın
COP29 sədrliyinin aktiv mərhələsinə qədəm qoyduğunu qeyd edib.
Azərbaycanın COP29 prioritetləri
barədə danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının təklifləri əsasında,
eləcə də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14
təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının hazırlandığını bildirib.
Samir Nuriyev qeyd edib ki,
artıq BMT ilə razılaşdırmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb.
Azərbaycanın iqlim dəyişmələrinə
qarşı mübarizədə dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları, beyin mərkəzləri
ilə də əməkdaşlığa açıq olmasına toxunan Samir Nuriyev vurğulayıb ki, bir sıra
nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin
yaradılması istiqamətində işlər yekunlaşmaqdadır.
Sonra ekologiya və təbii sərvətlər
naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək,
COP29-la bağlı ümumi gedişat, Bonn iqlim konfransının nəticələri, COP29
komandasının xarici səfərləri barədə məlumat verib.
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində təşkilati-logistika
sahəsində aparılan fəaliyyət, o cümlədən Bakı Olimpiya Stadionunda
infrastrukturun qurulması üzrə başlanmış işlər barədə məlumat verib.
Xarici işlər naziri Ceyhun
Bayramov ümumi substantiv məsələlər, Bonn iqlim konfransında yeni iqlim maliyyəsi
hədəfi üzrə aparılmış danışıqlar, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, təşəbbüslər
barədə çıxış edib.
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
kommunikasiya məsələləri, o cümlədən xarici media ilə aparılan işlər barədə
danışıb.
İnsan hüquqları üzrə müvəkkil
(ombudsman) Səbinə Əliyeva COP29 üzrə həyata keçirilmiş fəaliyyət və nəzərdə
tutulan tədbirlər barədə məlumat verib.
Fövqəladə hallar naziri Kəmaləddin
Heydərov yanğın və texniki təhlükəsizlik sahəsində görülən tədbirlər barədə çıxış
edib.
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov paytaxtın COP29-a hazırlığı barədə danışıb.
Qida Təhlükəsizliyi Agentliyi
sədrinin müavini Zəkiyyə Mustafayeva ictimai iaşə xidmətlərinin təşkili və bu
istiqamətdə həyata keçirilən nəzarət tədbirləri barədə çıxış edib.
“DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nigar Məmmədova
DOST İnklüziv xətti ilə COP29-la bağlı görülən işlər barədə danışıb.
İclasın sonunda COP29 Tədbirlər
Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
tag: COP29, Azərbaycan, Samir Nuriyev, BMT, todaypress.az,