COP29 ərəfəsində qiymət artımı olacaq - EKSPERTLƏR PROQNOZ VERDİ

COP

18.10.2024 16:35

“COP29-un keçirildiyi dövrdə hotellerdə olduğu kimi restoranlarda, taksilərdə və digər xidmət sahələrində də qiymətlərin bahalaşması qaçınılmazdır”.

Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı-ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, bu, ona görə baş verir ki, Azərbaycan iqtisadiyyatında rəqabət yoxdur. Xidmət təklif edən şirkətlərin hamısı demək olar ki, inhisarçılardır. Onlar isə həmişə dövriyyə artan zamanlarda dərhal qiymətləri süni formada qaldırırlar ki, daha çox qazansınlar. 

“Rəqabətli iqtisadiyyata malik olan ölkələrdə belə müştəri bolluğu yaranan dövrdə əksinə hamı qiymətləri aşağı salır ki, müştərilərin böyük əksəriyyətini öz xidmətlərinə cəlb etsinlər. Çünki bu zaman sahibkarın manevr etmək imkanı yaranır. Yəni, həmin vaxt müştəri bolluğu olduğu üçün bir neçə dəfə çox qazanırlar. Məhz buna görə də həmin qazancın bir hissəsini güzəştə gedirlər”. 

Ekspertin sözlərinə görə, inhisarçı bazarda isə vəziyyət tamamilə əksinədir. Çünki onlar düşünür ki, normal günlərdə 4 qazanırlarsa, bu qiyməti 2 dəfə artırıb, fürsətdən istifadə edib 8 qazanmalıdırlar. Bu da nəticədə xoşagəlməz hallara gətirib çıxarır.

Turizm üzrə ekspert Rəhman Quliyev isə bu fikirlə razılaşmayıb. Onun sözlərinə görə, xarici təcrübədə məsələn, Brazilyada 1 gecəsi 100 avroya satılan hotel otaqları festivallar zamanı 1100 avroya qədər bahalaşa bilir:

“Yəni bahalaşma COP29-la əlaqədar deyil. Normal vaxtlarda da Azərbaycanda olan hotellərin aşağı qiymətli otaqları satıldıqdan sonra üst seqmentdən olan otaqlar daha baha qiymətə təqdim olunur. COP29 kimi tədbirlərin təşkili zamanı isə hotellərdə sıxlıq müşahidə olunur. Təbii ki, bu zaman da bahalaşma qaçınılmazdır. Qiymətin təyin olunması isə investorun öz daxili qərarıdır. Bu qanunla qadağan olunmur və məhdudiyyət tətbiq edilmir” deyə ekspert əlavə edib.

Rəhman Quliyevin qənaətincə, COP29-un təşkili Azərbaycan üçün böyük avantaj olacaq. Çünki bu, turizm üçün hərtərəfli reklamdır. 

Turizm üzrə ekspert Kənan Hənifəyev isə diqqətə çatdırıb ki, artıq hotellərin 70 faizdən çoxu rezervasiya edilib. Qalan boş yerlərə isə müraciət həddindən artıq çoxdur. Qiymətlərin qalxması isə hər hansı bir radikal xidmət artımı ilə bağlı deyil: 

“Ehtimal olunur ki, gələn qonaqların böyük əksəriyyətinin xarici olmasına görə dil bilən əməkdaşların işə alınması və ya saylarının artırılması, onların xidmət sahəsinə cəlb olunması prosesi gedir. Ümumiyyətlə əvvəlki təcrübələrə əsasən deyə bilərik ki, bu kimi tədbirlər zamanı dünyanın hər bir şəhərində qiymətlərin artımı müşahidə olunur. Məhz buna görə də, qonaqlar bunu normal qarşılayırlar”.

Qeyd edək ki, Azərbaycan hotellərində noyabr ayı üçün orta qiymət 4 dəfə artıb. Belə ki, qiymət 154,7 manatdan 406,2-ə qalxıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

Töhfə Səməd

tag: COP29, Azərbaycan, Qiymət Artımı, Hotellər, Ticarət, todaypress.az,

photo
photo
photo