COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə bağlı qərar qəbul olundu
COP
23.11.2024 22:41
COP29-da inkişaf etməkdə olan ölkələrin, o
cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə
gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar
qəbul olunub.
TodayPress xəbər verir ki, bu, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada
ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti
kimi müəyyən edilməsinə uyğundur.
İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması
Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin
təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.
Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı
Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub.
COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin
edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx
əməkdaşlıq edib. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda
keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər
görülüb, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilib.
COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir
sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı
arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də
Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında
imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.
Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği
750 milyon ABŞ dollarından artıqdır.
Əldə edilən bu nailiyyətlərlərlə İtki və Zərər Fondu
2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın
COP29 Sədrliyinin növbəti uğurudur.
tag: COP29, İtki, Zərər, Bakı, Azərbaycan,İlham Əliyev, todaypress.az,