COP29 çərçivəsində Turizm Sahəsində Gücləndirilmiş Fəaliyyət Mövzusunda görüş keçirildi

COP

20.11.2024 12:40

"Turizm iqlim dəyişikliyi ilə mübarizədə katalizator rolunu oynaya bilər".

TodayPress xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində Turizm Sahəsində Gücləndirilmiş Fəaliyyət Mövzusunda Yüksək Səviyyəli Görüşündə deyib.

Onun sözlərinə görə, turizm müxtəlif ölkələrdə vacib gəlir mənbəyidir. Amma onun atmosferə buraxılan karbon emissiyalarında da payı var:

“İqlim dəyişikliyi problemi turizmə mənfi təsir edir. Bizim ən başlıca məqsədimiz turizmin qlobal iqlim gündəminə daxil olmasıdır".

BMT-nin Turizm Bürosunun baş katibi Zurab Pololikaşvili iqlim dəyişikliyi və təbiətin mühafizəsi sahəsində əməkdaşlıq kimi turizm sektorunda da tərəfdaşlığın vacibliyindən danışıb:

"İqlim dəyişikliyi probleminin aktuallığı nəzərə alınaraq bu barədə məlumatlar orta ümumtəhsil dövrünün proqramlarına daxil edilməli və ayrıca fənn kimi tədris olunmalıdır. Azərbaycan turizm cəhətdən çox cəlbedici bir ölkədir. Mən düşünürəm ki, burada turizmin daha inkişafı üçün mükəmməl imkanlar var. Ümumiyyətlə isə bütün iştirakçı ölkələrin turizm potensialının artırılmasına diqqət göstərilməlidir".

UNEP-in icraçı direktoru İnqer Andersen turizm sektorunun iqlim dəyişikliyi problemindən zərər görməməsi üçün operativ tədbirlərin önəminə diqqət çəkib:

"Azərbaycan özünün mədəniyyəti, dili, insanları ilə çox mükəmməl ölkədir. Bura elə bir ölkədir ki, bir dəfə turist kimi səfərə gələn ikinci dəfə Azərbaycana qayıtmaq istəyir. Bəli, iqlim dəyişikliyi çox ciddi problemdir. Bu problemin təsir göstərdiyi sahələrdən biri də turizm sektorudur. Belə demək olarsa, turizm həm də iqlim dəyişikliyinin qurbanıdır. Hazırkı məqamda iqlim dəyişikliyi problemi turizm sahəsinin də diqqətdə saxlanılmasını tələb edir".

Dövlət Turizm Agentliyin İdarə Heyətinin sədri Fuad Nağıyev turizmin iqlim dəyişikliyi probleminin həllinə təkan verəcəyinə ümid ifadə edib:

"Biz ümid edirik ki, turizm sektoru iqlim dəyişikliyi probleminin həllində aparıcı qüvvə olacaq. Ümid edirik ki, sözügedən Konfransın yekun sənədi həm də ölkələrdə turizmin inkişafına geniş təkan verəcək. Azərbaycan bu tədbiri qəbul etməklə, iqlim dəyişikliyi ilə bərabər qlobal səviyyədə turizmin inkişafında da maraqlı olduğunu göstərdi. Mən bu konfransın iştirakçı ölkələrdə turizmin inkişafı üçün geniş imkanlar açacağına inanıram".

Braziliyanın turizm naziri Selso Sabino da planetin turizm potensialında inkişafa əngəl olan amillərdən söz açıb:

"Dünyanın müxtəlif ölkələrində insanlar çox ağır şəraitdə yaşayır, uşaqlar çox çətin şəraitdə məktəbə getməyə məcbur olurlar. Bildiyiniz kimi turizmin inkişafına təkcə iqlim amilləri deyil, həm də sosial problemlər mane olur. Bu problemləri başqa heç kim yox, biz özümüz həll etməliyik. Onun aradan qaldırılması yolu digər şərtlərin təmin olunması ilə yanaşı, həm də tərəflərin iqlim maliyyəsi sahəsində razılığa gələ bilməsidir".

Tədbir iqlim gündəliyinin turizm sektoruna təsiri ilə bağlı fikirləri ilə davam edib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

tag: Turizm,COP29,BMT,UNEP,todaypress.az,