COP-da istifadə olunan avtobusların aqibəti necə olacaq? - Rəsmi Açıqlama
COP
23.11.2024 15:51
COP29 tədbirinə artıq yekun vurulur. Bu müddət ərzində minlərlə xarici və yerli vətəndaş konfrans və görüşlərdə iştirak etmək üçün Olimpiya Stadionuna üz tutub. Daha əlverişli şəraitin yaradılması məqsədilə Çin istehsalı olan elektrik mühərrikli “BYD” markalı 160 avtobus istifadəyə verilmişdi. Şarj edilərək hərəkət edən bu nəqliyyat vasitələri ekoloji cəhətdən olduqca faydalıdır. Tutumu 83 nəfər olan “BYD”lər COP29-dan sonra hansı istiqamətlər üzrə yönləndiriləcəyi və ya ümumiyyətlə istifadə olunub-olunmayacağı maraq doğurur.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan TodayPress-ə bildirildi ki, adıçəkilən qurğular vətəndaşlara xidmət göstərmək məqsədilə ictimai nəqliyyata veriləcək. Lakin hansı xətt üzrə olacağı hələ ki, açıqlanmır. Tezliklə bununla bağlı məlumat təqdim olunacaq.
Həmçinin qeyd olundu ki, hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutların fəaliyyəti da mərhələli qaydada bərpa olunur. Noyabrın 25-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha 46 avtobus marşrutunun fəaliyyətini bərpa edəcək. Bununla da müntəzəm avtobus marşrutları vətəndaşlara tədbirdən öncəki qrafik və sxemlə xidmət göstərəcəklər.
Töhfə Səməd
tag: AYNA, COP29, Avtobuslar, Nəqliyyat, Azərbaycan, todaypress.az,