Çili COP29-da ekoloji nəqliyyat strategiyasını təqdim etdi
COP
20.11.2024 16:50
Çili iqlim dəyişikliyi ilə mübarizəyə qətiyyətlə sadiqdir.
TodayPress xəbər verir ki, bunu Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyos COP29 Sammitində bildirib.
Öz milli bəyanatında X.Munyos, Çilinin emissiyaların azaldılması və "yaşıl" enerjiyə keçid üzrə iddialı planlarını açıqlayaraq, iqlim dəyişikliyi probleminin həllinə kompleks və inklüziv yanaşmanın vacibliyini vurğulayıb.
"Çili iqlim məqsədlərinə sadiqdir. Biz iqlim dəyişikliyinə davamlılıq və karbon neytrallığına nail olmaq məqsədi qarşıya qoymuş azsaylı inkişaf etməkdə olan ölkələrdən biriyik və bu məqsədə 2050-ci ilə qədər çatmağı planlaşdırırıq" deyə o, qeyd edib.
Bildirib ki, ölkənin iqlim dəyişikliyi haqqında çərçivə qanunu bütün səviyyələrdə hakimiyyət orqanlarını öz siyasətlərində iqlim aspektlərini nəzərə almağa məcbur edir. Bu, istixana qazı emissiyalarının azaldılmasına yönəlmiş strateji planların, normativ aktların və iqtisadi alətlərin hazırlanmasını əhatə edir.
Çilinin uzunmüddətli iqlim strategiyası çərçivəsində 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi var və bu istiqamətdə müəyyən sektorlar üzrə uyğunlaşma və təsirlərin azaldılması planları artıq həyata keçirilir.
"Bu kompleks yanaşma Çilinin iqlim sahəsində elmi məlumatlara əsaslanan və milli məqsədlərə nail olmaq üçün müxtəlif alətlərlə dəstəklənən güclü dövlət siyasətini həyata keçirməsinə imkan yaradır" deyə X.Munyos əlavə edib.
tag: Çili,COP29,Yaşıl,İqtisadi,Enerji,Keçid,todaypress.az,