Azərbaycan yoxsul ölkələrdə yaşıl sərmayələr üçün yeni fond yaratmağı hədəfləyir
COP
11.07.2024 03:00
Azərbaycan yoxsul ölkələrdə
yaşıl sərmayələr üçün yeni fond yaratmağı planlaşdırır.
TodayPress xəbər verir
ki, bu barədə “Reuters”ə mənbə bildirib.
“BMT-nin COP29 iqlim sammitinə
ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyi ilə bağlı maliyyələşməni
artırmaq üçün qalıq yanacaq istehsalçılarına yığım tətbiq etmək planlarından
imtina edib və bunun əvəzinə sammitdə daha yoxsul ölkələrdə yaşıl sərmayələr
üçün yeni fond yaratmağı hədəfləyib” o qeyd edib.
Anonimlik şərti ilə danışan mənbə
bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə vəsait toplamaq üçün
ilkin olaraq qalıq yanacaq istehsalına yığım tətbiq etmək ideyasını nəzərdən
keçirsə də, bu məsələdə bəzi ölkələrin narazılığı ilə üzləşib.
“Bizim maraqlı tərəflərlə –
digər potensial ianəçilər ilə – bir neçə raund danışıqlarımız olub və biz fond
ideyasını potensial ianəçilərə cəlbedici etmək üçün ona düzəliş etməli olduq” mənbə
vurğulayıb.
Mənbələrin sözlərinə görə, “Azərbaycan
bu fondun əsas donorlarından biri olacaq”. Onlar əlavə ediblər ki, fond həmçinin
digər qalıq yanacaq istehsal edən ölkələrdən könüllü töhfələr axtaracaq.
Müzakirələrlə tanış olan digər
mənbələr “Reuters”ə deyiblər ki, neft və qaz hasil edən Körfəz ölkələri yığımın
ilkin ideyasına qarşı çıxıblar.
COP29 mənbəsi söyləyib ki,
yenidən işlənmiş təklif noyabr ayında keçiriləcək COP29 sammiti zamanı fondun
yaradılmasını və inkişaf etməkdə olan ölkələrə emissiyaları azaltmaq və pisləşən
iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək etmək məqsədilə investisiyaların
riskini azaltmaq üçün dövlət-özəl tərəfdaşlıqdan istifadə etməyi hədəfləyəcək.
Yoxsul ölkələr yüksək faiz dərəcələri
və daxili borc yükü kimi problemlərə görə təmiz enerjiyə investisiya cəlb etməkdə
çətinlik çəkirlər. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə,
Afrika son iki onillikdə bərpa olunan enerjiyə qlobal investisiyaların yalnız
iki faizini alıb.
“Reuters” qeyd edib ki,
noyabrda keçiriləcək COP29 iqlim danışıqlarında maliyyə məsələsi üstünlük təşkil
edəcək və burada ölkələr 2025-ci ildən zəngin dövlətlərin hər il daha yoxsul
ölkələrə köçürəcəkləri iqlim maliyyəsi üçün yeni qlobal hədəfi razılaşdırmağa
çalışacaqlar. (report.az)
tag: COP29, Reuters, Yaşıl enerji, Azərbaycan, todaypress.az,