Andjey Duda: “Bu mənim üçün sonuncu beynəlxalq konfransdır”

COP

12.11.2024 17:40

“Prezident kimi COP29 mənim üçün sonuncu beynəlxalq konfransdır”. 

TodayPress xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda jurnalistlərə verdiyi açıqlamada deyib. 

Onun sözlərinə görə, 2018-ci ildə Katovitsedə Paris Sazişini şəxsən ratifikasiya etmək şərəfinə nail olduğuna görə çox məmnundur:

“Çox mühüm COP24-ə ev sahibliyi edə bildiyim üçün fəxr edirəm. Məhz Katovitsedə biz Paris Sazişinin prinsiplərinin həyata keçirilməsi üçün rəhbər olan Katovitse Qaydalar Kitabını qəbul etdik. Ədalətli keçid prinsipi haqqında orada çoxlu danışıqlar apardıq. Bu da mənim üçün böyük iftixardır. Bu ədalətli keçid hazırda Bakıda da əsas mövzudur. Çünki inkişaf etməkdə olan ölkələrin enerji keçidində dəstəyə ehtiyacı var”. 

Polşa lideri bildirib ki, transformasiya elə aparılmalıdır ki, insanların həyat səviyyəsi aşağı düşməsin, əksinə, bu keçidin baş verdiyi ölkələrdə insanların həyat standartları yüksəlsin. 

“Üstəlik, mən bu gün burada nazirlərin Katovitsedə imzaladığı meşələrin iqlim siyasəti üçün əhəmiyyətinə dair qəbul edilmiş birgə bəyannaməni də xatırlatdım. Polşa meşələrə qayğı göstərir və onları qoruyur, çünki onlar həm də Polşada yaşayan bir çox bitki, heyvan və göbələk növləri üçün ev və yaşayış mühiti təmin edir.   Biz COP konfransına 2008 və 2013-cü illər də daxil olmaqla üç dəfə ev sahibliyi etmişik. Biz bu beynəlxalq iqlim siyasətində, ətraf mühitin mühafizəsi və davamlı inkişafın iştirakçısı olan bir ölkəyik”.

Töhfə Səməd

tag: Polşa, Prezident,COP29,Andjey Duda,todaypress.az,