ABŞ və Ukrayna COP29-da yeni tərəfdaşlıq sazişi imzaladılar
COP
16.11.2024 12:36
ABŞ və Ukrayna COP29-da Kiçik Modul Reaktor Texnologiyasının Məsuliyyətli İstifadəsi üzrə Əsas İnfrastruktur (FIRST) proqramı çərçivəsində Ukraynanın təhlükəsiz nüvə enerjisi və sənaye dekarbonizasiyasına kömək etmək məqsədilə üç qabaqcıl layihə ilə bağlı razılığa gəliblər.
TodayPress xəbər verir ki, sənədi ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins və Ukraynanın energetika naziri German Qaluşenko imzalayıblar.
Qeyd olunub ki, FİRST proqramı çərçivəsində reallaşdırılacaq üç layihəni dəstəkləmək məqsədilə ilkin olaraq Ukraynaya 30 milyon dollarlıq yardım ediləcək.
Layihələrdən biri SMR Pilot Zavodundan yanacaqların təmizlənməsidir. Belə ki, layihə təmiz hidrogen və ammonyak istehsalını həyata keçirəcək “Faza2” pilot zavodunun tikintisini nəzərdə tutur. Layihə Yaponiya, Koreya, Ukrayna və ABŞ-dən olan dövlət-özəl konsorsium tərəfindən həyata keçiriləcək.
Mərkəzi və Şərqi Avropada davam edən “Phoenix” layihəsinin genişləndirilməsi çərçivəsində isə yeni “Phoenix-Ukrayna” layihəsi ölkənin kömürlə işləyən elektrik stansiyalarının mövcud infrastrukturdan istifadə edərək təhlükəsiz SMR nüvə elektrik stansiyalarına keçidini və işçi qüvvəsinin yenidən hazırlanmasını asanlaşdıracaq.
Sonuncu layihə isə “Ukrayna SMR Yol Xəritəsindən Təmiz Polada”dır. Bu layihə yol xəritəsi hazırlamağa kömək edəcək və Ukraynanın polad sənayesini SMR-lərlə yenidən qurmaq, modernləşdirmək və karbonsuzlaşdırmaq üçün texniki dəstək verəcək. Yol xəritəsi təhlillər aparmaq və xüsusi tədbirlər görməklə təmiz polad istehsalı üçün SMR-lərdən təmiz elektrik enerjisi, proses istiliyi və hidrogendən istifadəyə yol açacaq.
Qeyd edilib ki, FIRST proqramı ən yüksək nüvə təhlükəsizliyi standartlarına uyğun olaraq, enerji təhlükəsizliyi və təmiz enerji məqsədlərinə cavab vermək üçün SMR potensialını araşdıran ölkələri dəstəkləyir.
Töhfə Səməd
tag: COP29, Ukrayna, ABŞ,Kiçik Modul Reaktor Texnologiyası,German Qaluşenko,Bonni Cenkins, todaypress.az,