5-cİ Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirildi - FOTO

COP

31.10.2024 15:55

ADA universitetində “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib.

TodayPress xəbər verir ki, Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbirdə çıxış edərək Bakıda COP29 çərçivəsində 60-a yaxın bəyanatın, qərarların verilməsinin gözlənildiyini bildirib. Bununla yanaşı, ev sahibi olaraq prezidentliyin də öz təşəbbüsləri var və bunlar danışıqlar gündəliyini tamamlayır, həmçinin, qlobal səviyyədə iqlim fəaliyyətinin bir tərkibidir. Bu təşəbbüslərin bir qismi, həmçinin, dayanıqlı inkişaf məqsədləri və onların icrası ilə bağlıdır. “Düşünürəm ki, Qoşulmama Hərəkatındakı kimi, Azərbaycan COP29-da da körpü rolunu oynayacaq” deyə o, nitqini sonlandırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva isə öz çıxışında COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasının vacibliyindən danışıb: 

“Tədbir çərçivəsində qlobal orta temperatur artımını 1.5 dərəcədən aşağı saxlamaq üçün dünyanın kollektiv şəkildə düzgün istiqamətdə addımlayıb-addımlamadığını müəyyən ediləcək. Ev sahibi kimi Azərbaycan yeni milli töhfələrini COP29-dan əvvəl təqdim edəcək. Lakin bilirik ki, iddialar özü-özlüyündə kifayət deyil. Biz icra prosesini genişləndirməliyik və iqlim maliyyələsini artırmalıyıq”.

Milli Məclisin deputatı Sadiq Qurbanov isə diqqətə çatdırıb ki, ekoloji problemlərin başında müharibələr və ölkələr arasındakı münaqişələr dayanır. Hazırda Azərbaycanda belə bir problem mövcud olmasa da, dünya üzərində aktiv 52 qarşıdurma mövcuddur. Onun sözlərinə görə, ölkələr birgə çalışmalı və addımlamalıdır. COP29 bizə imkan verəcək ki, birgə işlərin görülməsi üçün anlaşmalar əldə edilsin və müqavilələr bağlansın. Bu dünya bizim üçün yaradılıb, biz də onu gələcək üçün qorumalıyıq.

Tədbirin əsas hissəsinin çıxışçılarından olan Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, əsas məsələ karbon emissiyalarını azaltmaqla yanaşı, mənfi təsirləri də minimallaşdırmaqdır:

“Azərbaycanın COP29-da ortaya qoyduğu digər təşəbbüs isə maliyyələşmə ilə bağlı mexanizmdir. Çünki dünya üzərində mübarizələr davam edir. Məhz Azərbaycanın təklif etdiyi mexanizmdə də ölkənin körpü rolunu oynaması durur. Buna əsasən inkişaf etmiş ölkələrdən maliyyənin əldə edilib, ehtiyacı olan ölkələrə ötürülməsi təmin olunacaq”.

Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov isə bir sıra vədlərdən söz açıb: 

"2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda qurulmuş bütün potensialın 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat/saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq. Həmçinin 2050-ci ilə qədər buna nail olmaq üçün Azərbaycana 200 milyard ABŞ dolları həcmində investisiya lazımdır”. 

Əsas hissənin qapanış nitqini isə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib. O, təəssüf hissi ilə bildirib ki, Azərbaycan da iqlim dəyişmələrinin yaratdığı problemlərdən yan keçə bilməyib, əksinə ən həssas ölkələr siyahısındadır. Biz bunu azalan su ehtiyatlarımızla, seyrəkləşən meşələrimizlə, geomüxtəlifliyimizlə müşahidə edirik. O, qarşıda duran məqsələrdən və öhdəliklərdən söz açıb, bir sıra beynəlxalq məqalələrdən nümunə gətirib.

Tədbir panel sessiyalar və sual-cavab mərhələsi ilə davam edib. 

Qeyd edək ki, dialoq İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.

tag: COP29, Vüqar Kərimov, Azərbaycan, BMT,Yalçın Rəfiyev, ADA, todaypress.az,

photo
photo
photo
photo
photo