Zaur Mikayılov: “Bu gün minlərlə insanın suya əlçatanlığı yoxdur”

Cəmiyyət

16.10.2024 10:36

“Su təbii ehtiyac olmaqla yanaşı, qida təhlükəsizliyi məsələsində də xüsusi rol oynayır. Bu gün minlərlə insanın suya əlçatanlığı yoxdur. Bundan başqa, əslində bu məsələlər gender bərabərliyindəki boşluqları da önə çıxarır. Kənd və rayon yerlərində qadınlar başlarında səhənglə su gətiriblər. Ona görə su əslində birbaşa qadınla simvollaşıb. Lakin həmin qadınlar su gətirmək üçün sərf etdikləri enerjini digər sahələrə, xüsusilə də təhsilə yönəldə bilərlər”. 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransa deyib. 

Onun sözlərinə görə, su ilə bağlı məlumatlanmaq, onun idarə olunması cinsindən asılı olmayaraq hər kəsin borcudur. Bundan başqa, bütün qurumlar bu məsələdə birgə çalışmalıdır:

“COP29 təcrübəsi bizim üçün böyük əhəmiyyət kəsb edəcək. Çünki orada öyrənəcəyimiz təcrübələr bizim gələcəyimizə işıq tutacaq. Qanunvericiliyimiz də buna əsasən formalaşacaq”. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, eləcə də tələbələr iştirak edir.

Töhfə Səməd

tag: Su ,Zaur Mikayılov ,COP29,Su və gender bərabərliyi ,todaypress.az,