Zaqatalada "Sibir xorası" aşkarlandı – HƏKİM DANIŞDI

Cəmiyyət

10.06.2024 16:10

“Qarayara” xəstəliyi qısa müddət ərzində ağciyər xəstəliklərinə və ölümə gətirib çıxarır”.

Bu barədə tibb elmləri doktoru, həkim Adil Qeybulla qarayara xəstəliyi ilə bağlı TodayPress-ə danışarkən bildirib. Həkimin sözlərinə görə, “Qarayara” bakteriyası ətraf mühitdə vegetativ formaya keçdiyi üçün illərlə torpaqda, suda qala bilər: 

“Qızmar günəş altında isə 10-15 günə qədər yaşaya bilər. Qaynadıldıqda tez məhv olur. Bu adətən heyvandan insana keçir. İnfeksiya bədənə keçdikdən sonra qısa müddətdə artıb çoxalır. Onun ağciyər forması çox güclü üşütmə, qızdırma, bəlğəm ifrazı ilə müşahidə olunur və qısa müddət ərzində ağciyər xəstəliklərinə və ölümə gətirib çıxarır. “Qarayara” xəstəliyinin bir adı da “Sibir xorası”dır”. 

Adil Qeybulla qeyd edib ki, “Qarayara” ağır xəstəlik olduğundan ona qarşı zamanında tədbir görülməlidir: 

“Sibir xorası”nın aşkar olunduğu yerdə karantin tədbirləri görülməlidir. Xəstə heyvan mütləq məhv edilməlidir. Onunla təmasda olan insan və ya heyvan nəzarətə götürülməli və xəstə insanlar isə hospitalizasiya edilməlidir. Müalicəni gecikdirmək ölümə gətirib çıxara bilər. Ona görə də baytarlıq xidməti təcili karantin tədbirləri görməli, lazım olan gigiyenik tədbirlər nəticəsində bu məsələni lokallaşdırılmağa çalışmalıdır. “Sibir xorası” pandemiyaya meyilli infeksiya deyil amma ona diqqət edilmədikdə qısa müddətdə müəyyən bir ərazidə geniş yayıla bilər”.

Qeyd edək ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, həmin şəxslərdə də "Qarayara" xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir.

Günəş Mərd

tag: Zaqatala, Sibir Xorası, Həkim, Qarayara, Xəstəlik, todaypress.az,