Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin
şəxsi heyətini təbrik edib.
TodayPress xəbər verir ki, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar,
kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki
işçilər!
Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik,
bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik
edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.
İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət
səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar
arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi
dəyərlərə möhkəm bağlılığın, xeyirxahlıq və humanizm duyğularının təntənəsini
özündə təcəssüm etdirir.
Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana
rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi,
milli-mənəvi dəyərlərimiz yüksək tutulub, adət və ənənələrimizin qorunub
saxlanması reallığa çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və
xarici siyasət, atılan qətiyyətli addımlar sayəsində, eləcə də Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda
böyük layihələr nəticəsində dövlətimizin iqtisadi dayaqları möhkəmlənib,
milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği həyata keçirilib,
Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb,
dəyərlərimizin dünyada daha yaxından tanınması təmin olunub.
Respublikamızın müdafiə qüdrətinin artırılması
istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan
genişmiqyaslı islahatlar, sosial infrastrukturun müasirləşdirilməsi, hərbi
qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin
genişmiqyaslı təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatı şəxsi
heyətin qələbə əzmini daha da möhkəmləndirmiş və nəticədə 2020-ci il tariximizə
Zəfər ili kimi yazılmışdır. 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ
iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində
Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa edilmişdir.
Dövlət müstəqilliyinin əsas atributlarından biri sayılan
üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş
ərazilərimizdə qalib Ordumuz Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaqla
bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük
Qayıdışa layiqli töhfələr verir.
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü
uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hər zaman olduğu kimi, Ramazan
bayramı günlərində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş
Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali
diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır.
Şəhid valideynlərini, onların ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını
itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir,
onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu müqəddəs Ramazan
bayramı gəlişi ilə xalqımıza firavanlıq, xoşbəxtlik və süfrələrimizə bol
ruzi-bərəkət gətirsin.
Bir daha hər birinizi Ramazan bayramı münasibətilə
ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimiz müstəqil
Azərbaycan naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Ramazan bayramınız mübarək olsun!".
tag: Zakir Həsənov, Təbrik, Nazirlik,Azərbaycan, Ramazan, todaypress.az,