Yüksəkixtisaslı miqrantlar üçün portal yaradılacaq
“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası” və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları” təsdiqlənib.
TodayPress xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə yaradılan və “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” portalı vasitəsilə təmin edilir. Əcnəbilərin Portala daxil etdikləri müraciətlərinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılır.
Qiymətləndirilmə ölkənin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətləri nəzərə alınaraq, yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə bilik və bacarıqlarının dəyərləndirilməsini nəzərdə tutur.
tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.az,