Yeni tariflər, köhnə müqavilələr: İnternet provayderləri bizi necə aldatdı? - ŞOK DETALLAR

Cəmiyyət

30.09.2024 16:15

“Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılsa da, əhaliyə bununla bağlı heç bir yeni müqavilə təklif olunmayıb. Əvvəlki müqavilənin şərtlərini də çoxları unudub”. 

Hüquq müdafiəçisi Sahib Məmmədov bunu TodayPress-ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, ölkəmizdə internet provayderləri istifadəçilərə birtərəfli müqavilə təklif edirlər və vətəndaşa orada hansısa dəyişiklik etməyə icazə vermirlər. Bu da əslində müqavilə azadlığı prinsipinə ziddir: 

“Bu, tərəflərdən ancaq birinin iradəsini ifadə edir. Əslində burada bir çox qaranlıq məsələlər var. Gərək əvvəlki müqavilə ilə yenisini müqayisə edib, bu məqamlara aydınlıq gətirilsin”. 

S.Məmmədov qiymət artımından sonra provayderlərin təklif etdiyi xidmətdən imtina edənlərin cərimələnməsi məsələsindən də danışıb:   

“Aztelekom”un qiymət artımından bir ay sonra internetdən imtina edənlərin müraciətlərini qəbul etməyəcəyini və əgər imtina olarsa, onda həmin abunəçini cərimələyəcəyi ilə bağlı məlumatlar yayıldı. 

Yeni avadanlıq quraşdıranda istənilən xidmət göstərən tərəf müqavilədə bəzi detalları xüsusi olaraq qeyd etməlidir. Məsələn, sənəddə yazıla bilərdi ki, internet modemi üçün filan qədər xərc çəkilib. Bu baxımdan qarşı tərəf müəyyən tarixədək, ayda müəyyən ödəniş etməlidir. Bundan başqa əgər istifadəçi xidmətdən müqavilədə qeyd olunan vaxtdan əvvəl imtina edərsə, onun cərimələnəcəyi bildirilməlidir.

Mülki qanunvericilik buna icazə verir. Amma bizdə provayderlər bunu etməyiblər. Bu da sonradan istifadəçilərlə onlar arasında anlaşılmazlıq yaratdı”.    

Ekspert sonda qeyd edib ki, bundan sonra da eyni problemlərlə üzləşməmək üçün provayderlərdən yeni müqavilələr tələb olunmalı, istifadəçilər onlara yenidən baxmalıdırlar.   

Günəş Mərd

tag: İnternet ,Azərbaycan,Sahib Məmmədov ,Məhkəmə ,Vətəndaşlar ,Narazılıq ,Qiymət Artımı, todaypress.az,