Yeni layihə metroda sıxlığı necə aradan qaldıracaq? – DETALLAR
“Hazırda metronun 28 May stansiyasında ciddi sərnişin sıxlığı müşahidə olunur. Bu problemi aradan qaldırmaq üçün xətlərin ayrılması layihəsinin icrası vacibdir”.
Bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, layihənin icrası paytaxtda sərnişindaşımada yeni mərhələnin başlanğıcı olacaq.
“Xətlərin ayrılması layihəsi şəhər üçün çox vacibdir. Çünki bu layihə sərnişin axınının parçalanmasına gətirib çıxaracaq və hazırkı kritik vəziyyəti dəyişəcək. Ümumiyyətlə, dünya şəhərlərində metropoliten sistemində fərqli xəttlərin kəsişdiyi məntəqələrdə keçid stansiyaları qurulur. Bakıda isə bu işlər metronun yaradıldığı gündən tam həyata keçirilməyib. Bakı metrosunda iki depo mövcuddur. Amma metroda üç xətt varsa, onların hər birinin ayrıca deposu olmalıdır. Bu da əlavə problem yaradır. Məsələn, yaşıl xətdə problem olarsa, bütün hərəkət dayandırılır və həmin qatar Nərimanov deposuna göndərilir. Dərnəgül deposunun tikilməsi layihəsi icra olunandan sonra bu tip risklər minimumlaşacaq. Layihə çərçivəsində İçərişəhər stansiyasının arxasında dönmə kamerası tikiləcək. Hazırda isə İçərişəhərə daxil olan qatar eyni xətt üzrə geri qayıdır, dairəvi hərəkət mümkün deyil. Dönmə kamerasının inşası qatarların dairəvi hərəkət etməsinə şərait yaradacaq və bu da birbaşa intervalın yaxşılaşdırılmasına təsir göstərəcək".
Ekspert əlavə edib ki, layihənin icrası dövründə - təxminən altı ay müddətində yaşıl xətdə Nizami stansiyasından 28 May stansiyasına qədər olan hissədə hərəkət dayandırılacaq. İçərişəhər-Həzi Aslanov istiqaməti üzrə isə qatarların hərəkəti davam edəcək.
O bildirib ki, həmin dövrdə sərnişinlərin rahatlığı üçün 28 May-Nizami istiqamətində “şatl” avtobuslar təşkil olunacaq. Digər istiqamətlərdə - Nizamidən Dərnəgülə qədər və 28 Maydan qırmızı xətt üzrə hərəkət əvvəlki qaydada davam edəcək.
Qeyd edək ki, təsdiq olunmuş Dövlət Proqramına əsasən, yaxın beş il ərzində Bakıda 10 yeni metro stansiyasının tikilməsi planlaşdırılır. Bənövşəyi xəttin şəhərin mərkəzinə çatdırılması və Yaşıl xəttin Həzi Aslanov-Xətai istiqamətində birləşdirilməsi nəzərdə tutulur.
Türkan İsgəndərli
tag: Rauf Ağamirzəyev,Ekspert,Metro,Sıxlıq,Todaypress.az,
