Yeni dərs ilinin köhnə problemi: Cərimələr bizə kömək edəcək?

Cəmiyyət

09.09.2024 17:00

“Biz hələ də məktəblərin, təhsil ocaqlarının qapısının ağzına qədər avtomobillə gəlməməli olduğumuzu başa düşə bilmirik”.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev bunu TodayPress-ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, bu ölkəmizdə uzun illərdir davam edən bir problemdir: 

“Təəssüf ki, yeni tədris ili başlayanda da eyni problemlə qarşılaşacağıq. Məktəbin qapısının ağzına qədər avtomobillə gəlməkdənsə, uşağımızın əlindən tutub məktəbə tərəf bir kilometr gəzə bilərik. Bu tibbi cəhətdən xeyirlidir, həm də beləcə sıxlığın qarşısını almış olarıq. Biz insanlara bunu aşılamalıyıq. Mümkün qədər qısaməsafəli gedişlərə avtomobildən istifadə etməsinlər. Bu əsasən ali və orta məktəblərə tələbə, şagird gətirən valideynlərə aiddir”. 

Ekspert hesab edir ki, məktəblərin qarşısında parkinq yerləri yaratmağa ehtiyac yoxdur:

“5000 şagirdi olan məktəblər var. Təbii ki, heç bir məktəbdə 5000 avtomobili parkinq etmək imkanı yoxdur. Hamı da maşınla hərəkət etmək istəyir. 4-5 yer kifayətdir. O da vacib işi olan valideynin, hansısa rəsmi nümayəndənin məktəbə gələndə avtomobilini saxlamağı üçün. Valideynlərə tədris ili öncəsi yenə də bununla bağlı çağırış etmək lazımdır”. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib. Müraciətdə məktəb və universitetlər qarşısında avtomobil saxlayaraq süni sıxlıq yaradanların cərimələnəcəyi bildirilib.  

Günəş Mərd

tag: Nəqliyyat,Sıxlıq,Süni,Qadağa,Məktəb,Universitet, Azərbaycan,Maşın,NİİM,todaypress.az,

photo