Yaz allergiyasından necə qorunaq?
Yaz fəslinin gəlişi bəzi insanlar üçün ciddi sağlamlıq narahatlıqları ilə müşayiət olunur. Xüsusilə allergiyadan əziyyət çəkənlər bu aylarda daha çox problemlə üzləşir.
Allerqoloq Aysel Mehdiyeva TodayPress-ə bildirib ki, buna səbəb yaz aylarında ağaclar və otların havaya çoxlu sayda tozcuq buraxmasıdır. Bu da bəzilərinin bədənində allergik reaksiya yaradır:
“Bəzi insanların immun sistemi tozcuqları təhlükəli qəbul edir. Bu zaman burun axır, asqırma başlayır, gözlər qaşınır və yaşarır. Hətta bəzən nəfəs almaqda da çətinlik yaranır. Əgər ailədə kimdəsə allergiya varsa, bu, başqalarında da ola bilər. Astması və ya dəri həssaslığı (məsələn, ekzema) olan insanlar bundan daha tez təsirlənirlər. Uşaqlar və gənclər də bu baxımdan risk altındadır” deyə o vurğulayıb.
Həkimin sözlərinə görə, yaz allergiyasından qorunmaq üçün səhərlər və küləkli havalarda çölə çıxmamaq tövsiyə olunur. Əgər çıxmaq məcburidirsə, eynək və maskadan istifadə etmək lazımdır.
"Evdə və maşında pəncərə bağlı olmalıdır. Çöldən gələndə paltarı dəyişmək və duş qəbul etmək yaxşı olar. Bu, bədənə yapışan tozcuqları təmizləyir. Əgər allergiya çox güclüdürsə, həkimə müraciət etmək və onun məsləhət gördüyü dərmanları istifadə etmək lazımdır".
Allerqoloq sonda həkim məsləhəti olmadan dərman qəbul etməmək barədə ciddi xəbərdarlıq edib.
Türkan İsgəndərli
tag: Yaz fəsli,Allergiya,Toz,Asqırma ,todaypress.az,
