“Xoşbəxt alış-veriş bədbəxtliklə nəticələnə bilər” - Online ticarətlə bağlı mühüm ÇAĞIRIŞ
Cəmiyyət
19.09.2024 15:18
Onlayn alış-veriş, internet və onlayn platformalar həyatımızın ayrılmaz bir parçasına çevrilib. İnsanların əksəriyyəti düşünür ki, bu platformaların sayəsində biz evimizdən çıxmadan, rahatlıqla onlayn alış-veriş saytlarından istədiyimiz məhsulları, geyimləri, aksesuarları vaxta qənaət edərək sifariş edə edə bilərik. Lakin məsələ həmin aldıqlarımızı ödəməyə gəldikdə bəzi işbazlar bizim ehtiyyatsızlığımızdan istifadə edə bilər və saxta saytlar, onlayn platformalar vasitəsi ilə bizim alış-verişimizi bədbəxt sonluqla bitirə bilərlər. Bu tip xoşagəlməz hallara çox nümunələr göstərmək olar. Elə biri də, son vaxtların ən populyar saytlarından biri olan Çin mərkəzli “Temu”dur. Platforma istifadəçilərinin məxfi məlumatlarını qoruya bilməyib. İlkin məlumatlara əsasən, 87 milyon müştərinin məlumatları oğurlanıb. “Temu” rəhbərliyi məlumatı təkzib etsə də, insanlar bu vəziyyətdən ciddi narahatdırlar.
Məsələylə bağlı TodayPress-ə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, oğurlanan sətirlər arasında müxtəlif istifadəçilərin alış-veriş, şəxsi və bank kartı məlumatları yer alır:
“Biz hər ehtimala qarşı insanlara səslənirik ki, onlar bank məlumatlarını mümkün dərəcədə dəyişdirsinlər, bank tətbiqlərinə daxil olaraq aylıq xərclərinə limit qoysunlar və "3D security"ni aktivləşdirsinlər. Bundan başqa, əgər "Temu"da bank kartı məlumatlarını yaddaşda saxlayıblarsa, daxil olub silsinlər”.
Onun sözlərinə görə, bu qaydalar digər onlayn alış-veriş platformalarına da aiddir. Əks halda bir sıra işbazlar tərəfindən bankdakı pul kisəsindən kiçik, hiss olunmayacaq məbləğlərlə oğurluq edilə bilər.
Elvin Abbasov insanlara diqqətli olmağı və hər sayta güvənməməyi tövsiyə edib:
“Hazırda dünyada ciddi formada yayılmış digər dələduzluq halı isə məhz böyük onlayn alış-veriş saytlarının eynisinin hazırlanmasıdır. İnsanlar cüzi fərqlərə diqqət etmir və düşünürlər ki, bu həmin orijinal versiyasıdır. Ümumiyylətlə onlayn formada alış-veriş etmək bir neçə ildir ki, dəbdə olduğuna görə dələduzlar bu üsuldan daha çox istifadə edirlər. Vətəndaşlar mütləq formada diqqət etməli, ondan sonra alış-verişlərinə davam etməlidirlər”.
Qeyd edək ki, saytın “fake” olub-olmadığını isə bir neçə üsulla yoxlamaq olar. İlk növbədə onlayn alış-veriş saytının ünvanının sol tərəfində olan kiçik, bağlı qıfıl işarəsi saytın güvənli olduğuna ilk işarələrdən biridir. Saytın adına klik etdikdə isə, ünvanının qarşısında görəcəyiniz “https:” yazısının sonundakı s hərfi, saytın təhlükəsizlik sertifikatına malik olduğunu və sifariş zamanı daxil etdiyiniz bank kartınızın məlumatlarının təhlükəsizlikdə olduğunu bildirir. Daha sonra saytın ümumi görüntüsünə, reklamlara, ödəmə üsullarına, əlaqə vasitələrinə, həmçinin şərhlərə diqqət yerimək lazımdır.
Töhfə Səməd
tag: Temu ,Onlayn Alış-Veriş ,Bank Kartları ,Elvin Abbasov ,Platforma, todaypress.az,