“Wikipedia” şəhidlərimiz haqqında məqalələri niyə sildi? - “Bu, həmin qruplaşmanın işidir” - Açıqlama

Cəmiyyət

13.09.2024 18:56

ASALA terror təşkilatının “rəhbər” üzvlərindən biri Monte Melkonyanı yəqin ki, bir çoxlarınız tanıyırsınız. Məlumat üçün qeyd edək ki, o, Qarabağın işğal olunmuş ərazilərində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində, eləcə də Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak edib. Adı çəkilən terrorçu haqqından daha ətraflı məlumatı “Wikipedia”da əldə etmək olar. Bəli düz eşitdiniz “Wikipedia”da.

Amma nədənsə adı çəkilən portal 44 günlük Vətən müharibəsi zamanı şəhid olan igidlərimiz haqqında məlumatları paylaşmaqda əngəllər yaradır. Qərbin ikili standartının növbəti təzahürü.

Bildiyimiz kimi, Vətən müharibəsi illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri “Wikipedia”dan silinib. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Məsələ ilə bağlı açıqlama verən Vikipediya Azərbaycanın inzibatçısı Ayxan Ziyadzadə bildirib ki, bu “Wikimedia Foundation”unun tələblərinə əsasən icra olunub. 

Deməli, “Wikimedia Foundation”u hansısa terrorçunun həyatını ensiklopedik, qəhrəmanların həyatını isə qeyri-ensiklopedik qiymətləndirir ?! Bu, “Wikipedia”nın da müəyyən şəxslərin və dairələrin maraqlarına xidmət etdiyini sübut edir.  

Azərbaycanca Vikipediyanın inzibatçılarından biri Rövşən Ramizoğlu isə TodayPress-ə müsahibəsində qeyd edib ki, Fondun tələbi Vətən müharibəsi qəhrəmanlarının məlumatlarını silmək istəyənlər üçün bir bəhanədir:

“Wikimedia Foundation” “Wikipedia” layihəsinin sahibidir. Mərkəzi Amerikada yerləşir. İnanmıram ki, Fond şəhidlər haqqında məqalələri silməyi tapşırsın. Çünki qurum bugünə qədər “Wikipedia”dan heç bir məqalənin silinməsini istəməyib. Hansısa yazıya müdaxilə də etməyib”.

Ekspert qeyd edib ki, “Wikimedia Foundation”un məqalənin məzmununa müdaxilə etməsi doğru deyil. O, hesab edir ki, “Wikipedia”da müəyyən bir qruplaşma yaradılıb və hazırkı mənzərə onların fəaliyyətinin nəticəsidir:

“Bu məqalələrin silinməsində maraqlı olan qüvvələr var. Onlar bütün şəhidlərimiz haqqında yazıların “Wikipedia”da olmasını istəmirlər. İddia edirlər, şəhidlər hamısı ensiklopedik göstəricilərə cavab vermir. Biz “Wikipedia”da yalnız olimpiya və ya dünya çempionları deyil, digər idmançılar haqqında da məqalə yazırıq. Bəs onda niyə şəhidlərimiz haqqında yüksək meyyarlar müəyyənləşdirib, çoxsunun məqaləsini portaldan silirik? Bəllidir ki, bunu istəyən qüvvələr var”.  

Mütəxəssis sonda vurğulayıb ki, “Wikipedia”da silinmiş məlumatları geri qaytarmaq mümkündür. 

Diqqətinizə çatdıraq ki, bu “Wikipedia”nın Azərbaycanlı döyüşçülərə qarşı atdığı ilk belə qərəzli addım deyil. Bir müddət öncə İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılov haqda məlumat da “Wikipedia”nın rus və fransız dillərində olan versiyalarından çıxarılıb. Səbəb kimi azərbaycanlı partizan haqda məqalədə göstərilən mənbələrin çoxunun bir-birinə, ilkin sənədlərə, tarixi faktlara zidd olması göstərilib.   

Günəş Mərd

tag: Wikipedia ,Şəhid, Məqalə, Azərbaycan, todaypress.az,

photo