Vüqar Süleymanov: “Ermənilər təkcə yaşayış yerlərinə deyil, çaylara, kəhrizlərə də mina basdırıblar”
Cəmiyyət
30.10.2024 12:03
“44 günlük Vətən müharibəsindən dərhal sonra mina təmizləmə işləri başladı. Təkcə 2020-ci ilin müvafiq dövründən sonuna qədər 70-ə yaxın mina hadisəsi qeydə alınıb”.
TodayPress xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalsitlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin qiymətləndirmələrə görə həmin ərazilərdə 1.5 milyona yaxın mina basdırılıb. 11 min 667 kvadrat kilometr ərazi isə çirklənməyə məruz qalıb. Bütün bunlar düşmən tərəfindən sosial və iqtisadi reinteqrasiya, məcburi köçkünlərin geri qayıtması, regionda sülhün və əməkdaşlığın gücləndirilməsi də daxil olmaqla yenidənqurma və reablitiasiya üçün əsas maneə olaraq yaradıb:
“Erməni separatçılar tank əleyhinə minaların üzərinə piyada əleyhinə minalar da yerləşdirb. Səbəb həmin ərazidə olan insanları tamimilə məhv etməkdir. Ermənilər təkcə yaşayış yerlərinə deyil, həmçinin qəbiristanlığa, ağacların kök hissəsinə, çaylara, kəhrizlərə də mina basdırıblar.
2020-ci ilin noyabrın 10-dan 2024-cü ilin oktyabrın 29-a qədər 381 nəfər mina qurbanı olub. Onlardan 70 nəfər həlak olub, 311-i isə xəsarət alıb. 1991-ci ildən bu yana isə ümumilikdə 3460 mina qurbanı olub ki, onların 359-u uşaq, 38-i isə qadındır.
2020-ci ilin noyabrın 10-dan 2024-cü ilin oktyabrın 29-a qədər 170071.9 ha ərazi təmizlənib. Piyada əleyhinə 34 min 477, tank əleyhinə 20 min 906 mina aşkar edilib”.
Qeyd edək ki, tədbir zamanı iştirakçılara mina problemi, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarının gedişatı ilə bağlı məlumat verilib, bu problemin həllində ölkə ictimaiyyətinin daha yaxından iştirakı ətrafında müzakirələr aparılıb.
Eyni zamanda tədbirdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə "Azərlotereya" ASC tərəfindən alınmış üç minaaxtaran itin Fondun vasitəçiliyi ilə ANAMA-ya təqdim edilməsi də nəzərdə tutulur.
Töhfə Səməd
tag: ANAMA, Qarabağ, İşğal,Vüqar Süleymanov , Mina,Ermənilər, todaypress.az,